8 mart “Beynəlxalq Qadınlar Günü” münasibətilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə bank sektorundakı xanımların Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, esseist, kinossenarist, tərcüməçi Ramiz Rövşənlə “Uğurlu rəqəmlərdən sehrli sözlərə” adı altında görüşü baş tutub.
2017-ci ildən etibarən keçirilən tədbir bu il də maraqlı olması ilə yadda qalıb.
Tədbiri giriş sözü ilə açan ABA-nın İcraçı direktoru Yunus Abdulov xanımları təbrik edib və onların bank sektorundakı rolundan danışıb. Daha sonra Xalq şairi çıxış edərək öz həyat və yaradıcılığından bəhs etmiş, ədəbiyyat, poeziya, sənətlə bağlı qənaətlərini bölüşmüşdür. Həmçinin şair şeirlərini səsləndirmiş, yaradıcılığı ilə bağlı suallara cavab verərək, Azərbaycan və dünya poeziyası haqqında öz fikirlərini bölüşmüşdür.
Sonda şair tədbir təşkilatçılarına, iştirak edənlərə öz təşəkkürünü bildirib, ABA tərəfindən təqdim olunmuş, müəllifi olduğu kitablara öz imzasını qeyd edərək xatirə şəkilləri çəkdirmişdir.