Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsinin İşçi Qrupunun 3-cü görüşünü keçirdilər
Aprelin 12-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin (DMX) birgə təşkilatçılığı ilə BMqT İnkişaf Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsinin İşçi Qrupunun növbəti görüşü keçirdilər.
Hibrid formatda keçirilən tədbirdə müxtəlif dövlət qurumları, beynəlxalq təşkilatlar, banklar, Azərbaycanın diaspor təşkilatları, ölkəmizdə yaşan miqrantların assosiasiyaları və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdi.
Görüşün açılış mərasimində BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov çıxış etdilər.
Qyorqiyev öz çıxışında müvafiq dövlət qurumları, banklar, diaspor, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihənin əhəmiyyətini vurğuladı. O qeyd etdi ki, Azərbaycanda pul köçürmələri ev təsərrüfatları, xüsusən də kənd yerlərində yaşayanlar üçün mühüm gəlir mənbəyidir. Eyni zamanda, pul köçürmələri ölkənin sosial-iqtisadi yüksəlişi üçün bir mexanizmdir.
“Azərbaycan Mərkəzi Bankının məlumatlarına görə, 2022-ci ildə Azərbaycana göndərilən pul köçürmələrinin ümumi həcmi 3,6 milyard ABŞ dolları olmaqla ÜDM-in təxminən 4,5%-ni təşkil edib. Azərbaycan on minlərlə miqrantı qəbul edir və onlar 2022-ci il ərzində öz ölkələrinə 700 milyon ABŞ dolları məbləğində pul köçürmələri göndəriblər”, - deyə Qjorqjiev bildirdi.
DMX-dən Vahid Qəhrəmanov öz çıxışında layihənin uğurla həyata keçirilməsi təkcə miqrantlar və onların ailələrinə deyil, həm də ölkə iqtisadiyyatına fayda verəcək və layihəni uğuru iştirakçı tərəfdaş qurumlarının səmərəli birgə fəaliyyətindən bir başa asılı olduğunu qeyd etdi: “Layihə çərçivəsində pul köçürmələri üzrə qiymətləndirlmənin aparılması, bu prosesdə iştirak edən bütün aidiyyəti tərəflərin təhlili, innovativ rəqəmsal pul köçürmələri sisteminin yaradılması ilə bağlı yol xəritəsinin hazırlanması özü layihənin tərəfdaş qurumların birgə işi nəticəsində ərsəyə gəlmişdir və bu uğurlu əməkdaşlıq layihənin uğurlu nəticəsinə zəmin yaradır”.
Tədbir zamanı layihənin tədqiqat qrupu tərəfindən hazırlanmış Azərbaycanda pul köçürmələri sahəsində rəqəmsallaşmanın gücləndirilməsi üçün yol xəritəsinin layihəsi aidiyyəti qurumlara təqdim edildi. Bu sənəd pul köçürmələri və digər aidiyyəti maliyyə məhsullarının rəqəmsallaşdırılması və onlara əlçatanlığın təkmilləşdirilməsi üzrə təklifləri, habelə rəqəmsal pul köçürmələri tətbiqi sistemi barədə konsepti ehtiva edir.
Tədbir iştirakçıları miqrasiya və pul köçürmələri ilə əlaqədar məsələlər üzrə fikir mübadiləsi apardı və layihənin məqsədlərinə çatmaq üçün öz tövsiyyələrini verdilər.
“Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsinin əsas məqsədi Azərbaycanlı miqrantların və Azərbaycanda yaşayan miqrantların, eləcə də pul köçürmələri zamanı Azərbaycanda və xaricdə vəsait alanların maliyyə inklüzivliyini və rəqəmsal maliyyə xidmətlərinə əlçatanlığını artırmaqla onların yaşayış səviyyəsinin davamlı inkişafına töhfə verməkdir.