Azərbaycan Turizm Bürosu 1-4 mayda Birləşmiş Ərəb Əmirliklərində keçirilən “ATM Dubai 2023” (Arabian Travel Market 2023) beynəlxalq turizm və səyahət sərgisində milli stendlə təmsil olunur.
Sərgidə Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC və ümumilikdə 31 yerli turizm və qonaqpərvərlik sənayesi nümayəndəsi iştirak edir.
Ziyarətçilərə Azərbaycanın tarixi, adət-ənənələri, mədəni irsi, milli mətbəx nümunələri, sağlamlıq və ekoturizm potensialı haqqında ətraflı məlumat verilir.
Sərgi çərçivəsində BƏƏ-ni, həmçinin digər regional ölkələri təmsil edən turizm şirkətləri ilə B2B formatlı görüşlər keçirilir, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunur.
Sərginin ilk günü Dubay şəhərində Azərbaycan Respublikasının Baş konsulu Cavidan Hüseynov ölkə stendini ziyarət edib, sərgilənən turizm məhsulları ilə tanış olub.
Səfər çərçivəsində Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Səudiyyə Ərəbistanının aviaşirkəti “Flyadeal”in Baş icraçı direktoru Con Korfiatislə görüşüb.
Görüş zamanı əməkdaşlıq əlaqələri, qarşılıqlı turist axınına təkan verəcək marketinq və kommunikasiya istiqamətlərində birgə fəaliyyət, yay aylarında həyata keçiriləcək birbaşa uçuşlar və digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, 2022-ci ildə Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana səfər edən vətəndaşlarının sayı ilə Körfəz ölkələrindən ziyarət edənlər sırasında ikinci pillədə qərarlaşıb.
Ötən il Yaxın Şərq ölkələrindən Azərbaycana 228 294 xarici vətəndaş səfər edib ki, bunun da 18%-ni BƏƏ vətəndaşları təşkil edib.