Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”a hərs olunmuş seminar keçirdilər
Mayın 16-da BMqT-nin Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti (DMX) Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində müvafiq dövlət qurumlarının nümayənədələri üçün “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”a həsr olunmuş onlayn seminar keçirdilər.
Tədbir BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Mujagic Amela, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbəri xanım Kanako Mabuçi, DMX-nin şöbə rəhbəri cənab Ülvi Əliyevin rəsmi açılış nitqləri başladı.
Açılış nitqində xanım Mujagic Amela müvafiq dövlət qurumların nümayəndələrinin iştirakı ilə belə seminarın keçirilməsinin vacibliyini vurğuladı. O qeyd edib ki, dövlət orqanlarının bu işə cəlb olunması miqrasiya məsələlərinin səmərəli əlaqələndirilməsinə mühüm töhfə verir: “Qlobal Paktın öhdəliklərinin yerinə yetirilməsi təkcə hökumətlər tərəfindən deyil, həm də inklüziv tərəfdaşlıq ruhunda, miqrasiya idarəçiliyində mühüm rol oynayan bir çox qeyri-dövlət qurumları, o cümlədən vətəndaş cəmiyyəti, özəl sektor, həmkarlar ittifaqları, miqrant və diaspor təşkilatları, akademiya və miqrantların özləri ilə razılaşdırılmış əməkdaşlıq fəaliyyətini tələb edir”.
BMT-nin Rezident Əlaqələndirici Ofisinin rəhbəri xanım Kanako Mabuçi çıxışında Azərbaycanın nizamlı miqrasiyanın dəstəklənməsi üçün müsbət təcrübələrin tətbiqi istiqamətində səylərini yüksək qiymətləndirdi: “Azərbaycan regionda Çempion Ölkə Təşəbbüsünə qoşulan ilk ölkə olub və Azərbaycan Qlobal Paktın həyata keçirilməsində aparıcı ölkələrdən biri hesab olunur”.
Azərbaycanın həm yerli, həm də regional səviyyədə Miqrasiya üzrə Qlobal Paktın həyata keçirilməsində fəal olduğunu qeyd edən DMX-nin departament rəhbəri Ülvi Əliyev bu sahədə hökumətə göstərdiyi dəstəyə görə BMqT-ə təşəkkür edib. “Azərbaycan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın qəbul olunduğu gündən onu icrasını dəstəkləyib və Paktın effektiv şəkildə həyata keçirilməsini təmin etmək üçün səyləri gücləndirib”, - deyə Ülvi Əliyev bildirib.
Dövlət qurumlarının nümayəndələri üçün təşkil olunan tədbirin gedişində “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın məqsədləri və rəhbər prinsipləri, BMT-nin Azərbaycandakı Miqrasiya Şəbəkəsinin prioritetləri və iş planı, Beynəlxalq Miqrasiya İcmalı Forumu, Qlobal Miqrasiya Paktı üzrə 2020 və 2024-ci illər üzrə regional icmallar, Qlobal Pakt üzrə potensialın artırılması mexanizmləri, digər sammitlər, çərçivələr və forumlar, dövlətlərarası məsləhətləşmə mexanizmləri ilə sinerji, Azərbaycanın Qlobal Paktın Çempion ölkəsi qismində prioritetləri, baxışı və öhdəlikləri barədə məlumat verildi və məsləhətləşmələr aparıldı.
Qeyd edək ki, BMqT və DMX tərəfindən Miqrasiya üzrə Qlobal Pakt ilə bağlı məlumatlılığın artırılması məqsədilə indiyədək çoxtərəfli ikimərhələli məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr gənclər, tələbələr, könüllülər, habelə qeyri-hökumət təşkilatlarının, KİV, elmi dairələrin, miqrant icmalarının nümayəndələri üçün təşkil edilib.