Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə keçirilən növbəti təmizlik aksiyasına Kapital Bank və Qırmızı Ürəklər Fondu da qoşulub. Layihə çərçivəsində bankın əməkdaşlarından ibarət fondunun könüllüləri Şabranda 4 hektar meşəlik ərazinin tullantılardan təmizlənməsində iştirak edib.
Bakı-Quba avtomobil yolunun kənarındakı meşə zolağında təşkil olunan ekoloji aksiyada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, ETSN-in, yerli icra orqanlarının əməkdaşları və könüllülər iştirak edib. Aksiya zamanı toplanan plastik və digər tullantılar qablaşdırılaraq aidiyyəti üzrə daşınıb.
Qırmızı Ürəklər Fondunun vitse-prezidenti Nihad Salmanlı müsahibəsində bildirib ki, təmizlik aksiyasının keçirilməsində məqsəd meşə ərazilərinin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, meşə zolağında ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdır. O həmçinin bildirib ki, Qırmızı Ürəklər Fondu ətraf mühitlə bağlı il boyu çay və dəniz sahillərində, meşə zolaqlarında könüllülərin iştirakı ilə müxtəlif təmizlik aksiyaları həyata keçirir.
Qeyd edək ki, “Qırmızı Ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.