Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Şəmkir rayonunun İrmaşlı kəndi ərazisində yeləşən Qaraoğlanlı kəhrizini bərpa edərək yerli icmanın istifadəsinə verdi. Bundan əlavə layihənin dəstəyi ilə Qaraoğlanlı kəhrizinin çıxışında su bulağı inşa edilmişdir. Bərpa edilmiş kəhriz 300 nəfər insanı içməli su ilə təmin edəcək.
Kəhrizin təhvil verilməsi ilə bağlı keçirilən mərasimdə iştirak edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev təşkilatın kəhrizlərin bərpası ilə bağlı gördüyü yüksək qiymətləndirmiş və təhvil verilən kəhrizin rayon ərazisində insanların içməli su ilə təchisiznə töhvə verəcəyinin vurğulamışdır.
Adı çəkilən layihə çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi indiyədək Ağdam, Füzuli, Cəbrayıl, Goranboy, Göygöl, Qazax və Şəmkir rayonları ərazisində 27 kəhrizi bərpa edərək yerli icmaların istifadəsinə verib.
Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək, icma tərəfindən idarə olunan bir yanaşmanı tətbiq etməyə davam edir.
Ümumilikdə, layihə Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin prinsiplərinin həyata keçirilməsi səylərinə bir sıra istiqamətlərdə töhfə verir. Bu istiqamətlərə yoxsulluğa son qoyulması və qida təhlükəsizliyinin təmin edilməsinə birbaşa təsiri olan ev təsərrüfatlarının daxili ehtiyacı və suvarma suyu ilə təmin edilməsi, qadınların imkanlarının artırılması və qərar vermə proseslərində iştirakının təmin olunması, aid olduqları icmalarda liderlik rollarının artırılması, ekoloji cəhətdən təmiz və dayanıqlı su təchizatı sistemlərinin bərpası, kəhrizlər və təhlükəsiz içməli suya əlçatanlığın gücləndirilməsi daxildir.