Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən “Sığorta Festivalı” davam edir.
Belə ki, aparıcı sığorta şirkətlərinin iştirak etdiyi festival Bakı və Sumqayıtdan sonra 28 avqust saat 18:00 – 21:00 aralığında Quba rayonu Nizami Parkı ərazisində keçirilib. “Həyat sığorta ilə rahat” devizi ilə keçirilən tədbir ərzində müxtəlif hədiyyəli oyunlar oynanılıb, intellektual yarışlar keçirilib və sürprizli şoular təqdim olunub. Həmçinin festival zamanı “Sığorta maarifləndirməsi” layihəsinın tərkib hissəsi olaraq əhaliyə sığorta məhsulları ilə bağlı maarifləndirici məlumatlar verilib. O cümlədən, iştirakçılara yerində sığortalanmaq, sığorta şirkətlərinin xidmətləri barədə ətraflı məlumat almaq imkanı yaradılıb.
Qubadakı Festivalda iştirak edən İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədov öz çıxışında həyata keçirilən sığorta maarifləndirməsi layihəsinin müşahidə olunan və gözlənilən təsirlərinə toxunub. Bildirib ki, üç ildir ki, həyata keçirilməkdə olan maarifləndirmə və təbliğat tədbirləri öz müsbət təsirlərini göstərməyə başlayıb. Belə ki, vətəndaşların sığorta xidmətlərinə maraq və müraciət aktivliyi tədricən artmaqdadır və 10 bölgədə keçirilən Sığorta Festivalının da bu artıma müsbət töhfə verəcəyi gözlənilir.
Festivalın növbəti tədbiri 30 avqust tarixində saat 18:00-dan 21:00-dək İsmayıllı rayonu H.Əliyev mərkəzində baş tutacaq.
Qeyd edək ki, Festival Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosasiyası və İcbari Sığorta Bürosunun birlikdə həyata keçirdiyi genişmiqyası maarifləndirmə layihəsinin tərkib hissəsidir. Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin təşviq edilməsindən ibarətdir.