“Kaspersky”-nin məlumatına* görə, 2023-cü ilin ilk səkkiz ayında Azərbaycanda mobil cihaz istifadəçilərinə qarşı 224 min kiberhücum təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur. Bu barədə məlumat 1 sentyabr 2023-cü il tarixində Bakıda keçirilən “Kaspersky Cyber Knowledge Day” tədbirinin mətbuat konfransında səsləndirilib.
Ən geniş yayılmış kibertəhdidlər gizli reklamları olan Minecraft modları (yəni, arxa planda reklamlara “baxa bilən” tətbiqlər) və aqressiv reklam proqramı olan digər qeyri-oyun proqramlarıdır. Buraya iş axtarışı üçün saxta tətbiqlər və populyar messencerlərin istifadəçi bildirişlərini ələ keçirən daxili casus moduluna malik modifikasiyası da daxildir. Əgər ilk üç təhlükə arzuolunmaz proqramlardırsa, sonuncu ikisi troyanlardır, yəni istifadəçi üçün birbaşa təhdid mənbəyi kimi çıxış edir. Məsələn, saxta iş axtarışı tətbiqləri vəsait itkisinə, messencerlərin casus modulu ilə modifikasiyası isə bildirişlərdən məxfi məlumatları (şəxsi yazışmalardakı mesajlar, bank əməliyyatları üçün təsdiq kodları və s.) sızmasına səbəb ola bilər.
“Arzuolunmaz və zərərli proqramlar mobil telefon istifadəçiləri üçün aktiv kibertəhdid olaraq qalır. Reklam proqramı, birbaşa zərərli funksionallığı ehtiva etməsə də, cihazın tam istifadəsinə də mane ola bilər, çünki aqressiv reklam modulları tez-tez bütün tətbiqlərin üzərində reklam göstərir. Bundan əlavə, bu cür modullar tərəfindən göstərilən reklamlar çox vaxt heç bir moderasiyadan keçmir, bunun nəticəsində reklamda zərərli sayt və ya proqrama keçid ola bilər. Biz smartfon sahiblərini proqramları yükləyərkən ayıq-sayıq olmağa çağırırıq: tərtibatçıya, onların reytinqinə və digər istifadəçilərin rəylərinə diqqət yetirmək vacibdir”, - deyə “Kaspersky”-nin kibertəhlükəsizlik üzrə eksperti Dmitri Kalinin qeyd edir.
“Smartfonlar həyatımızın bir hissəsinə çevrilməkdədir: onlardan iş, əyləncə, yaxınlarımızla ünsiyyət üçün istifadə edirik, onlarda çoxlu sayda şəxsi məlumat saxlayırıq və onlara yüklədiyimiz bir çox tətbiqlərdən istifadə edirik. Biz mobil cihazla nə qədər tez-tez əlaqə saxlasaq, bir o qədər tez-tez yeni zərərli proqramlar yazan və sxemlərini təkmilləşdirən, hətta arzuolunmaz reklamları və spamları daha cəlbedici və inandırıcı edən fırıldaqçılar tərəfindən hücuma məruz qalma risklərini artırmış oluruq. Cəlbedici bannerin arxasında nə olduğuna əmin deyilsinizsə, üzərinə klikləməyin. Tənqidi düşüncədən istifadə edin və etibarlı təhlükəsizlik həlli quraşdırın”, - deyə “Kaspersky”-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov öz növbəsində əlavə edir.
Cihazınızı mobil təhlükələrdən qorumaq üçün “Kaspersky” mütəxəssisləri istifadəçilərə tövsiyə edirlər:
• quraşdırılmış tətbiqə hansı icazələri verdiyinizə, onun cihazın düzgün işləməsi üçün lazım olub-olmamasına diqqət yetirin;
• zərərli proqramların cihaza yüklənməsinin və quraşdırılmasının qarşısını alan Kaspersky Premium kimi etibarlı təhlükəsizlik həllindən istifadə edin;
• tətbiqləri qanuni resurslardan yükləyin: istənilən halda bu, qeyri-rəsmi mənbələrlə müqayisədə kibertəhlükələrlə qarşılaşma riskini əhəmiyyətli dərəcədə azaldır;
• internetdə gələn çox cəlbedici təkliflərə, məsələn, asan pul vədlərinə etibar etməyin.
* 1 yanvar-21 avqust 2022-ci il və 2023-cü il tarixlərində “Kaspersky”-nin Android əməliyyat sistemi ilə çalışan cihazlar üçün həllərinə edilmiş geridönüşlərin anonimləşdirilmiş statistikasına əsaslanan məlumatlar.