Ölkənin aparıcı sığorta şirkətlərindən olan AZSIĞORTA ASC-nin Naxçıvanda rəsmi filialının açılışı baş tutub.
Filialın açılış mərasimindən öncə AZSIĞORTA ASC-nin rəhbərliyi və əməkdaşları ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyublar, daha sonra onun muzeyini ziyarət ediblər.
Müştəri məmnuniyyəti və rahatlığını daim diqqətdə saxlayan AZSIĞORTA ASC-nin Naxçıvan filialının açılış mərasimində şirkətin Direktorlar Şurasının sədri Viladi Maniyev, Naxçıvan Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəlik İnstitutunun əməkdaşı Pənah Mehdiyev, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin rəisi Elçin Əliyev, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev və sözügedən şirkətin nümayəndələri iştirak edib.
AZSIĞORTA şirkətinin Direktorlar Şurasının sədri Viladi Maniyev: “Naxçıvan şəhərində məskunlaşan müştərilərimizə daha yaxın olacağımız və peşəkar xidmətlərimizi təqdim edəcəyimiz üçün çox şadam. Biz son dövrlər Naxçıvanda baş verən inkişafın şahidi oluruq, bu gündən etibarən isə bu prosesin iştirakçısına çevrilirik.
Regional ofislərin sayını artırmaq və əhaliyə daha keyfiyyətli xidmət göstərmək AZSIĞORTA-nın inkişaf strategiyasında qarşımıza qoyduğumuz mühüm hədəflərdən biridir. Əminəm ki, Naxçıvan filialımızın açılışı bu istiqamətdə önəmli rol oynayacaq”.
Qeyd edək ki, Naxçıvan şəhəri, Təbriz küçəsi 1 ünvanında yerləşən yeni filial müştərilərə yüksək səviyyədə keyfiyyətli xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Filial ənənəvi olaraq, həftənin 5 günü saat 09:00-dan – 18:00-dək fəaliyyət göstərəcək.
Ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan AZSIĞORTA ASC 2006-cı ildən fəaliyyət göstərir.