EY Azərbaycan şirkəti ABB-nin maliyyə dəstəyi ilə ölkəmizdə 5-ci dəfə “EY İlin İş Adamı” müsabiqəsinə müraciət qəbuluna başlayıb. Müsabiqədə iştirak etmək istəyən sahibkarlar və iş adamları öz ərizələrini müsabiqə komitəsinə təqdim edə bilərlər.
“EY İlin İş Adamı” müsabiqəsi 35 ildən çoxdur ki, təsis edilib və bu gün dünyanın 60-dan çox ölkəsinin 145 şəhərində keçirilir. Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahələrindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini 31 dekabr 2023-cü ilədək təqdim edə bilərlər. Milli müsabiqənin qalibi 2024-cü ilin fevralında seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi və yaradıcılığı, sosial məsuliyyət və dayanıqlılığa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar. Qalib, gələn ilin iyununda Monakoda keçiriləcək "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil edərək digər ölkələrin finalçıları ilə yarışacaq. ABB ilə yanaşı, bp şirkəti və “Veysəloğlu” Şirkətlər Qrupu da müsabiqəyə sponsorluq dəstəyi verir.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Bu il “EY İlin İş Adamı” müsabiqəsinin yubiley ilidir. Artıq 5-ci ildir ki, bu layihə Azərbaycanda uğurla həyata keçirilir və ABB 5 ildir ki, ardıcıl şəkildə bu müsabiqəyə tərəfdaşlıq dəstəyi verir. “EY İlin İş Adamı” müsabiqəsi hər il daha geniş çevrədə tanınır. İldən-ilə müsabiqəyə maraq artır, bu layihə biznes mühitində yeni bir keyfiyyət və rəqabət meyarına çevrilir. Hər müsabiqədə iş adamlarımızın, yerli şirkətlərin parlaq sahibkarlıq nailiyyətlərini görmək çox xoşdur. Məmnunuq ki, cəmiyyətimiz üçün belə bir faydalı ənənənin formalaşmasında ABB olaraq biz də yaxından iştirak edirik”.
bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Biz “EY İlin İş Adamı” müsabiqəsini dəstəkləməyə davam etməkdən məmnunuq, çünki bu proqram ölkəmizdə sahibkarlığın uğurlarını və yerli müəssisələrin nailiyyətlərini tanıyır və üzə çıxarır. İş adamları arasında müxtəlif müsabiqələrin keçirilməsi onları sağlam rəqabətə təşviq edir. Bu səbəbdən belə müsabiqələrin təşkili və keçirilməsinə dəstək göstərilməsi diqqətimizdədir. Yerli biznes icmasının inkişafı bp şirkətinin sahibkarlığın və yerli təchizat zəncirlərinin inkişafına yönəldilmiş səyləri ilə üst-üstə düşür".
“EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev qeyd edib: “Əvvəl pandemiya, sonra isə bəzi geosiyasi məsələlər qlobal dəyişikliklərə səbəb olub. Bunlar həm Azərbaycanda, həm də dünyanın digər ölkələrində fəaliyyət göstərən sahibkarların bizneslərinə, əlbəttə ki, təsir etdi. “EY”ın ölkəmizdə təşkil etdiyi bu müsabiqənin məqsədi yaşanan çətinliklərə baxmayaraq sahibkarlıq ruhunu üstün tutmuş və yollarına davam etməyə qərar vermiş layiqli şəxsiyyətləri qiymətləndirməkdir. Əzm və dayanıqlıq nümayiş etdirən insanlar bazarda yaşanan tənəzzülün öhdəsindən uğurla gələrək digərlərini ruhlandırmağa və bizneslərin inkişafı üçün çalışmağa davam edəcəklər.”
Proqramın partnyorları sırasında Ekvita konsaltinq şirkəti, Azpromo (Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi), İctimai televiziya, AmCham Azərbaycanın dərc etdiyi “İmpact” jurnalı, “Finansist jurnalı” və APFM də var. Müsabiqə barədə daha ətraflı buradan öyrənmək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.