Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun təmsil olunduğu geniş tərkibdə nümayəndə heyətinin təcrübə mübadiləsi məqsədilə Macarıstanın Budapeşt şəhərinə rəsmi səfəri baş tutmuşdur.
18-20 oktyabr tarixlərində baş tutan bu səfərin əsas məqsədi Macarıstan bank sisteminin rəqəmsal transformasiyası və rəqəmsal ödəniş ekosistemi üzrə əldə edilən nailiyyətlərinin öyrənilməsi, qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsidir.
Səfər çərçivəsində Macarıstanın Milli Bankı, Macarıstan Banklar Assosiasiyası, “Erste Bank”, “CIB Bank”, “UniCredit Bank”, “OTP Bank”, “Granit Bank”, “Giro”, “SimpleTrends” təşkilatları ilə görüşlər keçirilmiş, 46-cı “BACEE” beynəlxalq bankçılıq forumunda iştirak edilmişdir. Görüşlərin əsas mövzularına rəqəmsal bank məhsul və xidmətləri, ödəniş alətləri, o cümlədən ödəniş kartları və bu sahədə tətbiq olunan yeniliklər, fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirləri, innovativ ödəniş həll və texnologiyalarının tətbiqi, banklarla fintexlərin qarşılıqlı əməkdaşlıq istiqamətləri və digərləri aiddir.
Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilmişdir. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.