Baki, Finance Time. AXA MBASK Sığorta Şirkəti, öz ətrafında 30-dan artıq ölkənin işgüzar dairəsini cəmləşdirən Xəzər İnteqrasiya İşgüzar Klubundan (Caspian Integration Business Club) beynəlxalq Caspian Energy Integration Award-2013 mükafatını almışdır.
Xəzər İnteqrasiya İşgüzar Klubu tərəfindən dünyanın 32 ölkəsində, Xəzər-Qara dənizi və Baltik dənizi regionlarında fəaliyyət göstərən 1500 şirkətin top-menecerləri və orta səviyyə menecerləri (Xəzər İnteqrasiya İşgüzar Klubunun üzvləri və Caspian Energy beynəlxalq nəşriyyat evinin nəşrlərinin oxucu auditoriyası) arasında (7500 respondent) keçirilmiş sorğunun nəticələrinə görə, AXA MBASK yenidən “İlin Sığorta Şirkəti” mükafatına layiq görülmüşdür.
Təqdimat mərasimində mükafatı qəbul edən AXA MBASK SŞ İdarə Heyətinin sədr müavini Selçuk Adıgüzel bu etimada görə təşəkkürünü bildirdi.
O, öz çıxışında şirkətin son iki ildə əldə etdiyi nailiyyətlərdən danışaraq, yerli sığorta bazarının inkişafına və əhaliyə yüksək keyfiyyətli sığorta xidmətlərinin göstərilməsinə yönəlmiş fəaliyyəti xüsusi vurğuladı.
Qlobal Sığorta Qrupunun üzvü olan AXA MBASK Sığorta Şirkəti 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarını tətbiq etməyə başlamışdır.
Belə ki, satışın sığorta agentləri vasitəsilə inkişafı planı həyata keçirilərək, qısa müddət ərzində bütün Azərbaycan ərazisində 80-ə yaxın fiziki və hüquqi şəxslərlə, həmçinin maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş sığorta polislərinin satış məntəqəsi açılmışdır.
Qeyd etmək lazımdır ki, bu, şirkətin bazara çıxdığı gündən etibarən aldığı dördüncü mükafatdır. Belə ki, Caspian Energy Integration Award-2013 mükafatdan əlavə, AXA MBASK 2011-ci ildə anаloji mükafatını almışdır. Həmçinin, şirkət “Azərbaycan bazarında beynəlxalq sığorta təcrübəsinin tətbiqinə töhfə” (2011) və “İlin Sığorta Şirkəti” (2013) nominasiyasıyalarda UĞUR milli mükafatına layiq görülmüşdür.
Caspian Energy Integration Award-2013 mükafatı ilə təltif olunma mərasimi artıq doqquzuncu dəfədir ki keçirilir və o, öz ölkəsinin ərazisində istehsal və sosial fəaliyyət sahələrində daha fəal çalışan, habelə dünya bazarlarında öz fəaliyyətinin coğrafiyasını dinamik şəkildə genişləndirən şirkətlərin, təşkilatların və dövlət strukturlarının başçılarına təqdim edilir.