Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən “Zəhərli ilanların, hörümçəklərin, əqrəblərin və həşəratların sancması zamanı təxirəsalınmaz yardım və müalicə” adlı metodik vəsait dərc olunub
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən tərtib olunmuş “Zəhərli ilanların, hörümçəklərin, əqrəblərin və həşəratların sancması zamanı təxirəsalınmaz yardım və müalicə” adlı 55 səhifəlik metodik vəsait çap olunub. İsti yay günlərində zəhərli ilanların, hörümçəklərin, əqrəblərin və həşəratların sancması ilə bağlı təxirəsalınmaz yardım uçun müraciətlərin artdığı müddətdə həkiməqədər ilk yardım böyük əhəmiyyət kəsb edir. Belə ki, risk zonasında yaşayan və faəliyyət göstərən hər bir insanın həkimə qədər ilk yardımın necə göstərilməsini bilməsi çox vacibdir.
Xüsusilə ölkəmizin işğaldan azad olunmuş ərazilərindəki dağıdılmış, uzun müddət insanların yaşamadığı yerlərdə zəhərli ilan, hörümçək və əqrəblərin çoxalması üçün əlverişli şərait yaranmışdır. Bu səbəbdən həmin bölgələrdə çalışan və yaşayan insanların, o cümlədən hərbi qulluqçular, sərhədçilər və gömrükçülərin zəhərli ilan, hörümçək və əqrəblərlə qarşılaşmağa hazırlıqlı olması, onların ilk yardım haqqında məlumatlandırılması çox vacibdir.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin 2024-cü il 13 iyun tarixli 3-28/3-1-260/2024 nömrəli əmri ilə təsdiq edilmiş metodik vəsaitin müəllifləri Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim, t.ü.f.d., Ceyhun Məmmədov və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyevdir. Metodik vəsait ilkin səhiyyə səviyyəsində çalışan tibb işçiləri, təcili yardım həkimləri, toksikologiya, reanimasiya və intensiv terapiya, cərrahiyyə şöbələrinin həkimləri və bölgələrdə yerləşən hərbi hissələrin həkimləri üçün nəzərdə tutulub. Kitab haqqında əlavə məlumat almaq üçün Mərkəzi Gömrük Hospitalının Cağrı Mərkəzinin (012) 404 08 08 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.