Gəncə şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçirilir
“KOB FEST”lər KOB-ların satış imkanlarını artırmaqla yanaşı, sahibkarlar arasında yeni əməkdaşlıqları təşviq edir.
Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Gəncə şəhərində keçirilir. “Xan bağı”nda təşkil olunan yarmarkada Gəncə, eləcə də ətraf şəhər və rayonlardan olan 60-dan çox KOB subyektinin kənd təsərrüfatı və sənaye məhsulları, un məmulatları, qida, tekstil, sərinləşdirici içkilər, arıçılıq məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilir və satılır.
Yarmarkanın açılış mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirin bölgəyə xas olan məhsulların tanıdılması, KOB-ların satış imkanlarının genişləndirilməsi, yerli KOB-lar arasında əlaqələrin qurulması baxımından faydalı olduğunu qeyd ediblər.
“KOB FEST” çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunub. Sərgi-satış yarmarkası avqustun 8-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, “KOB FEST” sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq məqsədilə keçirilir. Bu tədbir həmçinin, KOB subyektlərinə yeni əməkdaşlıqların qurulması, B2B görüşlərin keçirilməsi, mikro və kiçik sahibkarların satış bacarıqlarının inkişaf etdirilməsinə də öz töhfəsini verir. Gəncə şəhərindən əvvəl “KOB FEST” Bakı, Göygöl və Şəki şəhərlərində keçirilib. Bu yarmarkalarda ümumilikdə 180-ə yaxın KOB subyektinin məhsul və xidmətlərinin üç gün ərzində satışına dəstək göstərilib.