“Yaşıl iqtisadiyyat”a keçidə dəstək məqsədilə Memorandum imzalanıb
KOBİA və “Smartnation” İnsan İnkişafı Platforması arasında imzalanmış sənəddə “yaşıl iqtisadiyyat”, “yaşıl texnologiyalar”, “yaşıl sahibkarlıq”, maarifləndirmə və ətraf mühitin sağlamlaşdırılması tədbirləri çərçivəsində birgə əməkdaşlıq nəzərdə tutulur.
“Yaşıl dünya naminə həmrəylik ili” və bu il ölkəmizin ev sahibliyi edəcəyi COP29 tədbiri çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Smartnation” İnsan İnkişafı Platforması birgə əməkdaşlıq edəcək. Bu məqsədlə KOBİA və platforma arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Smartnation” İnsan İnkişafı Platformasının təsisçisi Şəbnəm Məmmədova imzalayıblar.
Memorandumda “yaşıl iqtisadiyyat”, “yaşıl texnologiyalar”, “yaşıl sahibkarlıq”, maarifləndirmə və ətraf mühitin sağlamlaşdırılması tədbirləri çərçivəsində birgə əməkdaşlıq nəzərdə tutulur. Buraya “yaşıl KOB” konsepsiyasının inkişaf etdirilməsi, iqlim dəyişikliyinin maliyyələşdirilməsinin KOB-ların biznes modelinə inteqrasiyası və “yaşıl dəyər zənciri” üzrə birgə tədbirlərin təşkili, KOB-ların yaşıl keçidinin asanlaşdırılması istiqamətində layihələrin reallaşdırılması, “yaşıl fəaliyyət”ə dair təlimlərin təşkili daxildir. Həmçinin sənəddə iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması, karbon dioksid emissiyasının azaldılmasının təbliği və təşviqi, enerjinin bərpa olunan mənbələrdən alınması sahələrində yeni texnologiyaların tətbiqini nəzərdə tutan startap layihələri üzrə müsabiqələrin, “yaşıl iqtisadiyyat”a keçidin asanlaşdırılması üzrə maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.