Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, transplantoloq, səhiyyə əlaçısı Mircəlal Kazımi, cərrah transplantoloq Kamran Beydullayev və onun komandası tərəfindən müxtəlif yaş qruplarında qaraciyər və böyrək transplantasiyası əməliyyatları müvəffəqiyyətlə icra olunur.
2023-cü ilin avqust ayından etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfi çərçivəsində Müasir təbabətin ən mürəkkəb cərrahi əməliyyatlarından sayılan böyrək və qaraciyər transplantasiyası əməliyyatları Hopsitalımızda mütəmadi olaraq həyata keçirilir ki, bu da tibb müəssisəsinin ən yüksək hazırlıq səviyyəsinin göstəricisidir. Sevindirici haldır ki, 2020-ci ilin fevral ayında Azərbaycanda ilk dəfə olaraq canlıdan qaraciyər transplantasiyası zamanı donor əməliyyatı tam laparoskopik üsulla Mərkəzi Gömrük Hospitalında icra olunub.
Cərrahiyyə və orqan transplantasiyası şöbəsində böyüklərdə və uşaqlarda qaraciyər və böyrək köçürmələri, qohum donordan uşaqlara qaraciyər köçürülməsi, qohum donordan böyüklərə və uşaqlara böyrək köçürülməsi, böyüklərdə və uşaqlarda orqan transplantasiyasına hazırlıq mərhələsində edilən əməliyyatlar həyata keçirilir.
Ən kiçik qaraciyər transplantasiyası olunan pasiyent 6 aylıq, ən kiçik böyrək transplantasiyası olunmuş pasiyent 4 yaşında olub. Şöbənin yüksəkixtisaslı cərrah-transplantoloqlar komandası tərəfindən bir xəstəyə həm qaraciyər, həm də böyrək transplantasiyası, tək seansda açıq ürək və qaraciyər transplantasiyası əməliyyatı da icra olunub. Donoru olmayan xəstələrə əməliyyat şansı vermək üçün çarpaz transplantasiya da məhz şöbənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən aparılır. Donorları uyğun olmayan xəstələr müvafiq surətdə aralarında donorlarını dəyişdirərək əməliyyat etmə fürsətini əldə edirlər.
İnnovativ tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyatxana, beynəlxalq keyfiyyət standartlarına uyğun tibbi xidmət, yüksəkixtisaslı və peşəkar cərrah-transplantoloqlar komandasının gərgin əməyi sayəsində Mərkəzi Gömrük Hospitalında orqan transplantologiyası yüksək inkişaf mərhələsinə çatdırılmışdır.
Orqan transplantasiyası möcüzədir! Orqan transplantasiyası həyatı xilas edir!