İki ölkə arasında turizm sahəsində ikitərəfli əməkdaşlıq perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində aparılan işlərin genişləndirilməsi, eləcə də turizm təhsili üzrə vacib olan məlumatların qarşılıqlı mübadiləsi məsələləri Belqradda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Serbiya Respublikasının turizm və gənclər naziri Hüseyn Memiç ilə görüşündə müzakirə olunub.
Görüş çərçivəsində Fuad Nağıyev Hüseyn Memiçə noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) tematik proqramına ilk dəfə turizm mövzusunun inteqrasiya edilməsi haqqında məlumat verib.
Fuad Nağıyev həmkarını “Turizm günü” çərçivəsində keçiriləcək “Turizm sahəsi üzrə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin yüksək səviyyəli 1-ci Görüşü”ndə iştirak etməyə dəvət edib.
Azərbaycan və Serbiya Turizm Bürolarının rəhbərlərinin də iştirakı ilə baş tutmuş görüşün sonunda “Azərbaycan Turizm Bürosu ilə Serbiyanın Milli Turizm Təşkilatı arasında turizm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Həmçinin Fuad Nağıyevlə Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının həmsədri – mədəniyyət naziri Nikola Selakoviç arasında görüş keçirilib.
Görüşdə mədəniyyət və turizm sahələrinin bir-biri ilə sıx bağlı olduğu, bu sahələr üzrə iki ölkə arasındakı mövcud əməkdaşlığın genişləndirilməsinin qarşılıqlı turist axınına müsbət təsir göstərəcəyi vurğulanıb. Görüşdə, həmçinin Azərbaycan Respublikasının Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev də iştirak edib.
Nümayəndə heyəti tərəfindən Ümummilli lider Heydər Əliyevin Belqradın “Taşmaydan” parkında yerləşən abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb və onun əziz xatirəsi ehtiramla yad edilib. Eləcə də 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirəsinə həsr edilmiş abidə və Serbiyanın görkəmli yazıçısı Milorad Paviçin heykəli ziyarət olunub.