Artıq bir neçə gündür dərs ili başlayıb və məktəblər qapılarını uşaqların üzünə açıb. Yay tətilində doyunca istirahət etmiş övladlarımız yenidən məktəb həyatına başlayıblar. Bəs məktəbdə dərs yüklənmələri uşaqlarımızın səhhətinə necə təsir edir? Bu yükü azaltmaq və tədris üçün əlverişli şərait yaratmaq üçün biz valideynlər nə edə bilərik?
Bütün bu suallarla Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloqu Minazər Abdullayevaya müraciət etdik.
-Minazər həkim, məktəblərdə dərs ilinə stıart verildi. Bildiyimiz kimi, məktəbin yükü artıb və uşaqlar bu yükün öhdəsindən gəlmək üçün gündəlik rejimlərini dəyişməli olub. Bu onların səhhətinə necə təsir edir?
-Müasir məktəb uşaqların qarşısında daha çox tələblər qoyur – çoxlu dərslər, ev tapşırıqları, əlavə məşğələlər və s. Yaxşı bilik və əla qiymətlər üçün bütün bu yarış uşağı əsas şeydən - düzgün yuxu və istirahətdən və nəticədə sağlamlıqdan məhrum edir. Bunun qarşısını almaq, məktəb yükünün öhdəsindən gəlmək üçün valideynlər şərait yaratmalıdır.
-Bəs bu şəraiti necə yaratmaq olar?
-Uşaqlarda dərslərlə bağlı yüklənmələr stress yaradır. Bu stress özünü həyəcan, yorğunluq, hətta depressiv hallarda göstərir. Daim gərginlikdə olmaq uşaq orqanizmini zəiflədir, gələcəkdə onun səhhəti ilə bağlı problemlərə yol açır. Baş ağrıları, funksional depressiya, immunitetin aşağı düşməsi və s. – bütün bunlar daimi stressin nəticəsi ola bilər. Ona görə də, çalışmalıyıq ki, uşaqlarımız üçün gündəlik iş qrafiki quraq. Bunu elə qurmalıyıq ki, uşaq gün ərzində həm dərsləri ilə məşğul olsun, həm də lazımi qədər istirahət edə bilsin.
Ev tapşırıqlarını yerinə yetirmək üçün vaxt müəyyən edin. Qoy uşaq ev tapşırıqları ilə hər gün eyni vaxtda məşğul olsun. Bu, vərdişə çevriləcək və stressi azaldacaq. Hər fənn üçün vaxt ayırın və qısa fasilələri müəyyən edin. Məsələn, hər 25 dəqiqə iş və 5 dəqiqə fasilə vaxtı olsun.
Gündəlik iş qrafikinə istirahət və hobbi ilə məşğul olma saatlarını da salın. Hər bir uşaq gəzməli, idmanla məşğul olmalı, oyunlar oynamalı, dostları ilə ünsiyyətdə olmalıdır. Bu həm gərginliyi azaldır, həm də enerji verir.
- Yuxunun uşaqların sağlamlığı üçün əhəmiyyəti barədə nə deyə bilərsiz?
-Uşaqlar üçün məktəb yükünün öhdəsindən gəlmək üçün mütləq onların yuxu rejimini tənzimləmək lazımdır. Belə ki, yuxu nəinki istirahət, həm də onların inkişafının mühüm hissəsidir. Yuxu çatışmazlığı uşaqların əsəbi olmasına, yaddaşlarının və diqqətlərinin pisləşməsinə, müvəffəqiyyət qazanmalarının azalmasına səbəb ola bilər. Mütəxəssislər hesab edir ki, məktəbyaşlı uşaqlar gün ərzində 9-10 saat yatmalıdır. Lakin məktəb tapşırıqlarının həddən artıq olması səbəbindən uşaqlar daha az yatır. Və bu onların fiziki və emosional vəziyyətlərinə təsir edir. Uşaq hər gün, hətta şənbə və bazar günlərində eyni vaxtda yatmalıdır. Bu, onun qrafikə tez vərdiş etməsinə kömək edəcək və yuxusunun keyfiyyətini artıracaq.
-Minazər həkim, məktəbyaşlı uşaqlar necə qidalanmalıdır?
-Qidalanma uşağın enerji səviyyəsinə, diqqətinə və əhval-ruhiyyəsinə birbaşa təsir edir. Hər uşaq üçün səhər yeməyi mütləqdir. Burada mürəkkəb karbohidratlara (sıyıqlar, buğda çörəyi), zülallara (kəsmik, yumurta) və mövsüm üzrə meyvələrə və tərəvəzlərə üstünlük verin. Ara yeməklərində uşağa faydalı qidalar – qoz, meyvə, yoqurt təklif edin. Bu qidalar qanda şəkəri stabil saxlamağa kömək edir.
Axşam yeməyi yuxudan 2-3 saat əvvəl olmalıdır. Yüngül şam yeməyi yuxuya getmə problemlərini aradan qaldırır. Axşamlar uşaqlarınıza şirniyyat verməyin.
-İndi uşaqlar da böyüklər kimi oturaq həyat tərzinə keçib. Həyətlərdə daha az oynayan, gəzən uşaqlara rast gəlirik. Bu onların sağlamlığına necə təsir edir?
-Məktəb yükü və ev tapşırıqları aktiv istirahət və açıq havada gəzintilər üçün vaxtı azaldıb. Bu, orqanizmin ümumi vəziyyətinə təsir edir. Oturaq həyat tərzi artıq çəki almağa, sonralar isə ürək xəstəliklərinə aparan yoldur. Ona görə də, yuxarıda dediyim kimi, uşaqlarınızın gündəlik iş qrafikində gəzintilər və oyunlar üçün də vaxt ayırın.
- Sonda valideynlərə nə demək istərdiniz?
-Ümumiyyətlə, valideyn övladının dostu olmalıdır. Yaxşı qiymət almadıqda, hər hansı bir səhv işə görə onu danlamayın, daha yaxşı qiymət almaq üçün məsləhətlərinizi verin, ona dəstək olun.
- Maraqlı müsahibəyə görə təşəkkür edirik.
Müsahibəni apardı: Dilarə Zamanova,
Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi