22 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında "UniBank KB” ASC-nin manat istiqrazlarının kapital bazarında ticarətə buraxılması münasibətilə Açılış Zəngi tədbiri keçirilmişdir. Açılış zəngi tədbiri ilə bankın 20,000,000 (iyirmi milyon) manat həcmində istiqrazlarının yerləşdirilməsinə başlanıldı.
Tədbiri çıxış sözü ilə Bakı Fond Birjasının Baş Kommersiya inzibatçısı Oqtay Qasımov açaraq kapital bazarında əhalinin investisiyalarının artırılmasının önəmini vurğulayıb: “Bank sektorunun Kapital bazarları vasitəsilə maliyyələşməsi bazarın genişlənməsinə və inkişafına xidmət edir”. Tədbirdə “Unibank KB” ASC-nin Korporativ Biznes üzrə Baş İnzibatçısı Tahir Qəribov, Unicapital İnvestisiya Şirkətinin Baş Direktoru Vüqar Namazov və Unicapital İnvestisiya Şirkətinin Direktoru Tələt Kalayev öz çıxışları zamanı "UniBank KB” ASC-nin birja vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının ölkəmizdə maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirmişdilər. "UniBank KB” ASC-nin tədavülə buraxılan istiqrazlarının ölkənin qiymətli kağızlar bazarının canlanmasına təsir göstərəcəyinə, vətəndaşlarımız üçün mənfəətli və etibarlı investisiya imkanları yaradacağına əminliyini də qeyd edib.
Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 11.5%, ödəniş dövrü 90 gündən bir, tədavül müddəti 36 aydır. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “Unicapital İ.Ş” ASC-dir.
Bu emissiya məhz ətraf mühit və ekoloji cəhətdən dayanıqlı layihələrin maliyyələşdirilməsi məqsədi daşıyır. Bu istiqraz buraxılışının beynəlxalq standartlara uyğun sırf yaşıl layihələrin maliyyələşməsinə sərf olunmasına ikinci tərəf rəyi kimi Astana Maliyyə Mərkəzi tərəfindən müsbət qiymətləndirmə rəyi alınmışdır.
Tədbirin sonunda emitent – UniBank KB, Bakı Fond Birjası və Unicapital İnvestisiya Şirkətinin nümayəndələri tərəfindən istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb. Beləliklə, istiqrazların Bakı Fond Birjasının ticarət platformasında ticarətinə başlanılıb.