18 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İnvestisiya Şirkətlərinin iştirakı ilə Zaqatala rayonunda “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil olunmuşdur.
Tədbirdə qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində Bakı Fond Birjasının Listinq Məsləhət Proqramını imkanları, ABB-İnvest investisiya şirkətinin Kapital Bazarında investor olmağın üstünlükləri və Unicaptal investisiya şirkətinin Qiymətli kağız buraxılışında anderraytinq xidməti mövzularında təqdimatları olmuşdur.
Qeyd edək ki, bu, sayca on üçüncü belə tədbirdir. Bundan əvvəl “İnvestisiya səyahəti” tədbiri Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı, Şabran, Göyçay, Şəmkir, Naxçıvan, Quba və Şəki şəhərlərində təşkil olunub. Mütəmadi olaraq təşkil olunan investisiya səyahəti tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.