Baki, Finance Time. Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dəstəyi ilə 20-21 iyun tarixlərində “Jumeirah Bilgah Beach Hotel”-də IVAzərbaycan Beynəlxalq Sığorta Forumu baş tutacaq.
İki gün davam edəcək Forumda “Qafqaz Regionunun sığorta bazarının perspektivləri və yeni biznes istiqamətləri”, “Qafqaz ölkələrinin sığorta bazarı üçün təkrarsığorta həlləri”, “Kənd təsərrüfatı sığortası – dövlət tənzimləmələri və bazar reallıqları”, “Tibbi sığorta – Köhnə problemlərin yeni həlləri” və “Avtomobil sığortası” panelləri üzrə müxtəlif mövzularda müzakirələr aparılacaq.
Panellər həm yerli, həm də xarici ekspertlər tərəfindən idarə olunacaq.
Tədbirdə Qafqaz regionunun, həmçinin Türkiyə, Mərkəzi və Cənubi Asiya, Avropa, Rusiya və MDB-nin sığorta, təkrarsığorta və broker şirkətlərinin 250-dən yuxarı yüksək struktur nümayəndələrinin iştirakı gözlənilir.
Xatırlatmaq istərdik ki, bu, Azərbaycan Sığortaçılar Assosiasiyasının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dəstəyi ilə təşkil edəcəyi sayca dördüncü Forumdur.
2008, 2011 və 2012-ci illərdə keçirilmiş Forumlarda 20-dən çox ölkədən ümumilikdə 500-dən yuxarı nümayəndə iştirak etmişdir.
Qeyd edək ki, AIIF – Qafqaz regionunda sığorta və təkrarsığorta bazarlarına həsr olunmuş ən mühüm tədbir olmaqla, sözügedən regionun ən vacib istiqamət və perspektivlərini özündə əks etdirir.
Forum iştirakçılar arasında interaktiv ünsiyyətə yönəlmiş platforma olub, ölkələr arasında sığorta sahəsindəki əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmişdir.
Əlavə məlumat üçün Forumun rəsmi saytına (www.aiif.az) daxil ola bilərsiniz.