Baki, Finance Time. Əmanətlərin Sığortalanması Fondu nəzərinizə çatdırmaq istəyir ki, 2012-ci ildə fiziki şəxslərin əmanətləri 1 050 mln. (28%) artaraq 4 782 milyona çatmış və ümumi depozitlərin (maliyyə sektoru istisna olmaqla) 61%-ni təşkil etmişdir. Fiziki şəxslərin cəmi əmanətlərinin (4,8 mlrd. manat) 36%-ni (1,7 mlrd. manat) qorunmayan əmanətlər, 64%-ni (3,1 mlrd. manat) isə qorunan əmanətlər təşkil etmişdir.
Bu göstəriciləri ötən illərlə müqayisə etdikdə aydın görə bilərik ki, üzv banklarda qorunmayan əmanətlər 4% zəifləmişdir və nəticə etibarı olaraq qorunan əmanətlərin mövqeyinin möhkəmlənməsi müşahidə olunmuşdur. Beləliklə 2011-ci ilin IV rübü ilə müqayisədə 2012-ci ilin IV rübündə fiziki şəxslərin cəmi əmanətləri 28% (1 050 mln.manat), qorunmayan əmanətlər 16% (242 mln.manat), qorunan əmanətlər isə 36% (808 mln.manat) artmışdır. 5 il ərzində ilk dəfə olaraq 2012-ci ildə qorunan əmanətlərin artım tempi ümumi əmanətlərin və qorunmayan əmanətlərin artım tempindən yüksək olmuşdur. Bu da “Royal Bank”ASC-də sığorta hadisəsinin baş verməsindən sonra və birbaşa sığorta hadisəsinin baş verməsi ilə əlaqədar olaraq əmanətçilərin öz əmanətlərini qorunan əmanət şərtlərinə uyğun olaraq yerləşdirilməsinə üstünlük vermələri ilə izah olunur. 2012-ci ilin III rübü ilə IV rübü müqayisə edildiyi zaman da aydın görmək olar ki, 2012-ci ilin IV rübü ərzində orta hesabla qorunan əmanətlər 3 052 mln. manat olduğu halda, rübün son gününə qorunan əmanətlər 3 253 mln. manat təşkil etmişdir hansı ki, rüb ərzində orta hesabla olan qorunan əmanətlərin məbləği ilə müqayisədə 6,6% (201 mln.manat), əvvəlki rübün son gününə olan qorunan əmanətlərin məbləği ilə müqayisədə isə 9,9% (291,8 mln.manat) artmışdır.
Kompensasiya olunan əmanətlər ötən illə müqayisədə 399 mln. manat artaraq 1 540 mln. manat olmuşdur ki, bu da 2010 və 2011-ci ildəki artımdan 119 mln. manat (3%) çoxdur.
Rüblük artıma gəldikdə isə kompensasiya olunan əmanətlər ötən rüblə müqayisədə 136 mln. manat (9,7%) artaraq 1 540 mln. manat olmuşdur ki, bu da qorunan əmanətlərin 47,3%-ni təşkil edir.
Qorunan əmanətlərin 57%-i manatda, 38 %-i ABŞ dollarında və 5%-i isə avroda yerləşdirilib.
Məlumat üçün bildirmək istərdik ki, Fondun üzvü olan “Royal Bank”ASC-də 16 iyul 2012-ci il tarixində sığorta hadisəsi baş vermişdir. Əmanətçilər qarşısında öhdəliklərin reyestrinə əsasən 7 063 qorunan əmanətçilərin 26,5 mln. manat qorunan əmanətinə ödəniləcək cəmi kompensasiya məbləği 14,7 mln. manat və yaxud 55,5 faiz təşkil edib. 01 yanvar 2013-cü il tarixinə cəmi kompensasiya məbləğinin (14 712 min manat) 86,4%-i, yəni 12 716 min manatı 1 496 əmanətçiyə artıq ödənilmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, ümumilikdə 4 264 əmanətçiyə 1 996 min manat kompensasiya ödənilməsi gözlənilir.
01 avqust 2012-ci il tarixindən etibarən 3 agent bank vasitəsi ilə (“Muğanbank”ASC, “Bank Respublika”ASC, “Azəriqazbank”ASC) kompensasiyaların ödənilməsi prosesi aparılır.
Hal-hazırda Fondun sığorta ehtiyatları 45,2 mln. manat təşkil edir
Vəsaitlərin idarə edilməsi Fondun investisiya siyasətinə əsaslanaraq həyata keçirilir. Fondun vəsaitlərinin 28,5 mln. manat məbləğində olan hissəsi dövlət qiymətli kağızlarında yerləşdirilmiş və illik gəlirlilik orta hesabla 4,6 % təşkil etmişdir. Fondun 5,0 mln. avro vəsaiti “Deutsche Asset Management International” şirkətinin idərəetməsinə verilib.
Xatırlatmaq istəyirik ki, 01 iyun 2010- cu il tarixindən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunan əmanətlərə aid deyil. Fond tərəfindən qorunmayan əmanətlərə görə kompensasiya ödənilmir.
Sığorta hadisəsinə görə hər qorunan əmanətçiyə ödənilməli kompensasiya məbləğinin maksimum həddi 30 min manat məbləğindədir. MDB məkanında ən yüksək kompensasiya məbləği Azərbaycandadır (Qazaxıstanda 34 min ABŞ dolları, Rusiyada 22 min ABŞ dollarıdır).