Baki, Finance Time. 2013-cü ilin I rübündə fiziki şəxslərin cəmi əmanətləri 434 mln. (9,1%) manat artaraq 5 213 mln. manata çatmış və ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 63%-ni təşkil etmişdir ki, bu da ötən rüblə müqayisədə 2% artım deməkdir.
I rübdə fiziki şəxslərin cəmi əmanətlərinin (5,2 mlrd. manat) 34%-ni (1,76 mlrd. manat) qorunmayan əmanətlər, 66%-ni (3,5 mlrd. manat) isə qorunan əmanətlər təşkil etmişdir.
Kompensasiya olunan əmanətlər ötən rüblə müqayisədə 73,2 mln. manat artaraq 1 612 mln. manata çatmışdır ki, bu da qorunan əmanətlərin 44,6%-ni təşkil edir.
Qorunan əmanətlərin 58%-i manatın, 38 %-i ABŞ dollarının və 4%-i Avronun payına düşür.
Üzv banklar tərəfindən 4 801 574 əmanətçiyə xidmət göstərilir ki, onların da 4 562 048 nəfəri (95%) qorunan əmanətçidir.
Hazırda Fondun sığorta ehtiyatları 51,3 mln. manat, cəmi aktivləri isə 59,7 mln. manat təşkil edir.
Fondun sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 28,5 mln. manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilmiş və orta hesabla illik gəlirlilik 4,6 % təşkil etmişdir. Fondun 5,0 mln. Avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur.
Fondun iştirakçısı olan bankların sayı 42-dir. Fondun üzvü olmuş “Royal Bank”ASC-də 16 iyul 2012-ci il tarixində sığorta hadisəsi baş vermişdir. Əmanətçilər qarşısında öhdəliklərin reyestrinə əsasən 7 063 qorunan əmanətçilərin 26,5 mln. manat məbləğində qorunan əmanəti üzrə ödəniləcək cəmi kompensasiya məbləği 14,7 mln. manat və yaxud 55,5 faiz təşkil edib. “Royal Bank” ASC-nin qorunan əmanətçilərinin sayı 5 759 nəfər təşkil etmişdir. Fond tərəfindən 01 aprel 2013-cü il tarixinə cəmi kompensasiya məbləğinin 87.8%-i, yaxud 12,9 mln. manat məbləğində kompensasiya ödənilmişdir.
Bir daha əmanətçilərin diqqətinə çatdırılır ki, Əmanətlərin Sığortalanması Fondu “Royalbank” ASC-nin qorunan əmanətçilərinə qorunan əmanətləri üzrə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulunu 21 iyul 2013-cü il tarixinə kimi davam etdirəcəkdir.
Xatırlatmaq istəyirik ki, 01 iyun 2010- cu il tarixindən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunan əmanətlərə aid deyil. Fond tərəfindən qorunmayan əmanətlərə görə kompensasiya ödənilmir.
Sığorta hadisəsinə görə hər qorunan əmanətçiyə ödənilməli kompensasiya məbləğinin maksimum həddi 30 min manat məbləğindədir. MDB məkanında ən yüksək kompensasiya məbləği Azərbaycandadır (Qazaxıstanda 34 min ABŞ dolları, Rusiyada 22 min ABŞ dollarıdır).