Sığorta hadisələri zamanı ödənişin alınması üçün bəzi sənədlərin notariuslar tərəfindən təsdiqlənməsinə ehtiyac olmayacaq. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığorta növü də İcbari Sığorta Bürosu tərəfindən tənzimlənəcək.
«APA-Economics»in məlumatına görə, bu dəyişikliklər Milli Məclisə təqdim olunan «İcbari sığortalar haqqında» qanuna əlavə və dəyişikliklərdə nəzərdə tutulub. Bununla bağlı qanun layihəsinin MM-in İqtisadi Siyasət komitəsində müzakirəsi zamanı Maliyyə Nazirliyinin Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib ki,
hazırda qüvvədə olan «İcbari sığortalar haqqında» qanunda avtonəqliyyat sahiblərinin icbari məsuliyyətinin sığortasında sığorta şəhadətnamələrinin elektron informasiya sistemi vasitəsilə rəsmiləşdirilməsi nəzərdə tutulur. Bu da sığorta müqavilələrinin bağlanmasında operativliyi və şəffaflığı xeyli artırıb. Ümumiyyətlə sözügedən informasiya sistemi özünü doğruldub: «Amma bu yalnız bir sığorta şirkəti üçün məcburidir. Praktika göstərir ki, və bu həm bizim fikrimizdir və sığorta şirkətlərinin də təklifi ondan ibarətdir ki, bütün icbari sığorta növləri vahid elektron informasiya sistemi vasitəsilə rəsmiləşdirilsin. Qanuna dəyişikliklərin mühüm hissəsi bu məsələyə həsr edilib».
Digər dəyişiklik İcbari Sığorta Bürosu (İSB) tərəfindən tənzimlənən sığorta növlərinin sayının artırılmasına aiddir. N. Xəlilov bildirib ki, bu gün sığortaçının ödəmə qabiliyyətinin olmamasına görə, sığorta ödənişini yerinə yetirə bilmədikdə, İSB tərəfindən kompensasiya ödənilir. Amma belə bir təminat sistemi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi ilə bağlı sığortaya aid edilmir: «Bu isə sığorta şirkətinin müflis olacağı halda qanuna görə, sığortalıların və sığorta olunanların maraqlarının pozulmasına şərait yaradır».
Bununla əlaqədar olaraq sığortaçının ödəmə qabiliyyəti olmadığı halda icbari sığorta bürosu tərəfindən kompensasiya ödənişi almaq imkanının bu sığorta növünə də tətbiqi üçün qanuna dəyişikliklərin edilməsi təklif olunub.
Bundan başqa, hazırda qanunda sığorta sığorta ödənişinin verilməsi üçün təqdim edilməli olan bir sıra sənədlərin sürətinin notariat qaydasında təsdiq edilməsi tələb edilir.
Amma N. Xəlilovun sözünə görə, praktika göstərir ki, bu gün buna ehtiyac yoxdur: «Bu barədə bizə həm sığortalılar həm də sığortaçılar tərəfindən təkliflər daxil olur. Təklifləri nəzərə alaraq həmin sənədlərin sürətlərinin notariat qaydasında təsdiq olunmasını nəzərdə tutan maddələrdə müvafiq dəyişikliklərin edilməsi təklif edilir».
www.apa.az