Baki, Finance Time. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «PAŞA Həyat Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 3 600 manat, sayı 7 min ədəd, emissiyanın ümumi həcmi isə 25,200 mln. manat təşkil edir.
Emissiya «PAŞA Həyat Sığorta» şirkətinin hər birinin nominal dəyəri 2 150 manat olan 7 min ədəd (ümumi həcmi 15,050 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində sığorta şirkətinin nizamnamə kapitalı 67,4% artaraq 25,200 mln. manata çatacaq.
Qeyd edək ki, «PAŞA Həyat Sığorta» ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, şirkətə sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Bu ilin yanvar-fevral aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 4,685 mln. manat, ödənişləri isə 100 min manata yaxın olub. Bu ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.