Baki, Finance Time. Bakı Banklararası Valyuta Birjası (BBVB) və “AtaSığorta” sığorta şirkətinin birja elektron ticarət sisteminin (BEST) “MONEY-MARKET” pul bazarında iştirakına dair müqavilə bağlayıblar. Müqaviləni BBVB-nin rəhbəri Fərhad Əmirbəyov və "AtaSığorta" ASC-nın Idarə Heyətinin sədri Müseyib Əliyev imzalayıblar. Müqaviləyə əsasən, "AtaSığorta" iştirakçı banklarla bərabərhüquqlu qismində topdan pul bank bazarına çıxış imkanı əldə edir. BBVB yeni iştirakçıya "BEST" ticarət sisteminə çıxış təqdim edəcək, həmçinin hesablaşma və məlumat xidmətləri göstərəcək.
"AtaSığorta" ASC-nin Idarə Heyətinin sədri Müseyib Əliyevin sözlərinə görə, "BEST" sisteminə qoşulma ölkə sığorta sektoru üçün yenilikdir: "Sığorta sektorunun inkişafı və sığorta şirkətinin maliyyə vəsaitlərinin artması ilə maliyyə bazarına çıxış üçün çox yaxşı alət olan "BEST" sisteminə də maraq artacaq. Biz bu sistemə böyük ümüdlər bəsləyirik, hesab edirəm ki, gələcəkdə biz bu sahədə öz əməliyyatlarımızı genişləndirəcəyik".
“AtaHolding” Sirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.