Baki, Finance Time. 20-21 iyun 2013-cü il tarixlərində “Jumeirah Bilgah Beach Hotel”-də Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dəstəyi ilə keçiriləcək IV Azərbaycan Beynəlxalq Sığorta Forumuna hazırlıqlar davam edir.
Forumda müzakirə olunacaq mövzularla bərabər, tədbirdə iştirak edəcək ekspertlər də müəyyənləşib.
Budəfəki Forumda Rusiya, Ukrayna, Rumıniya, Bolqarıstan, Gürcüstan, Avstriya, Türkiyənin sığorta və təkrarsığorta sahəsində ixtisaslaşmış ən aparıcı ekspertləri, həmçinin Dünya Bankının, Avropanın ən iri təkrarsığorta şirkətlərindən olan Swiss Re və Europe Re şirkətlərinin, dünyanın ən iri sığorta broker şirkətlətindən biri olan Willis Re şirkətinin, tibbi sığorta üzrə ixtisaslaşmış tanınmış Munich Health şirkətinin, Türkiyənin TARSİM (Kənd təsərrüfatı sığortaları Hovuzu) sisteminin, AUDOTEX, AVUS, OtoAnaliz şirkətlərinin, eləcə də ölkəmizin ən aparıcı sığorta, təkrarsığorta və broker şirkətlərinin yüksək struktur nümayəndələri ekspert qismində iştirak edəcəklər. Ekspertlər həyat sığortası, tibbi sığorta, kənd təsərrüfatı sığortası və avtomobil sığortası mövzularda təqdimatlar həyata keçirəcəklər.
Forum zamanı həmçinin Rusiyanın “Kənd Təsəsrrüfatı Sığortaçılarının Milli İttifaqı” ilə “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanacaq.
Ümumilikdə tədbirdə Qafqaz regionunun, eləcə də Türkiyə, Mərkəzi və Cənubi Asiya, Avropa, Rusiya və MDB-nin sığorta, təkrarsığorta və broker şirkətlərinin 200-dən yuxarı yüksək struktur nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, 2008-ci ildən etibarən keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumu – Qafqaz regionunda sığorta və təkrarsığorta bazarlarına həsr olunmuş ən mühüm tədbir olmaqla, sözügedən regionun ən vacib istiqamət və perspektivlərini özündə əks etdirir.
Forum iştirakçılar arasında interaktiv ünsiyyətə yönəlmiş platforma olub, ölkələr arasında sığorta sahəsindəki əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmişdir.
Əlavə məlumat üçün Forumun rəsmi saytına (www.aiif.az) daxil ola bilərsiniz.