Baki, Finance Time. Azərbaycan Sığortaçılar Assosiasiyası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dəstəyi ilə ənənəvi olaraq ölkəmizdə ilin ən böyük sığorta tədbiri olan Azərbaycan Beynəlxalq Sığorta Forumunu (AIIF) həyata keçirir. İndiyədək həyata keçirilmiş forumlar bu tədbirin Azərbaycanda ən iri sığorta – təkrarsığorta görüşü olduğunu göstərmişdir.
Bu il də 20-21 iyun 2013-cü il tarixlərində “Jumeirah Bilgah Beach Hotel”-də IV Azərbaycan Beynəlxalq Sığorta Forumu baş tutacaq.
İki gün davam edəcək Forumda “Qafqaz Regionunun sığorta bazarının perspektivləri və yeni biznes istiqamətləri”, “Qafqaz ölkələrinin sığorta bazarı üçün təkrarsığorta həlləri”, “Kənd təsərrüfatı sığortası – dövlət tənzimləmələri və bazar reallıqları”, “Tibbi sığorta – Köhnə problemlərin yeni həlləri” və “Avtomobil sığortası” panelləri üzrə müxtəlif mövzularda müzakirələr aparılacaq.
Forumda Rusiya, Ukrayna, Rumıniya, Bolqarıstan, Gürcüstan, Avstriya, Türkiyənin sığorta və təkrarsığorta sahəsində ixtisaslaşmış ən aparıcı ekspertləri, həmçinin Dünya Bankının, Avropanın ən iri təkrarsığorta şirkətlərindən olan Swiss Re və Europe Re şirkətlərinin, dünyanın ən iri sığorta broker şirkətlətindən biri olan Willis Re şirkətinin, tibbi sığorta üzrə ixtisaslaşmış tanınmış Munich Health şirkətinin, Türkiyənin TARSİM (Kənd təsərrüfatı sığortaları Hovuzu) sisteminin, AUDOTEX, AVUS, OtoAnaliz şirkətlərinin, eləcə də ölkəmizin ən aparıcı sığorta, təkrarsığorta və broker şirkətlərinin yüksək struktur nümayəndələri ekspert qismində iştirak edəcəklər. Ekspertlər həyat sığortası, tibbi sığorta, kənd təsərrüfatı sığortası və avtomobil sığortası mövzularda təqdimatlar həyata keçirəcəklər.
Açılış tədbirində Azərbaycan Respublikası Maliyyə naziri Samir Şərifovun da iştirakı gözlənilir.