Baki, Finance Time. Mərasimdə Azərbaycan Respublikası Maliyyə Naziri Samir Şərifov, Azərbaycan Respublikası Maliyyə Nazirinin müavini Azər Bayramov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov, Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov, həmçinin 20-dən çox ölkənin sığorta, təkrarsığorta və broker şirkətlərinin 200-dən artıq yüksək struktur nümayəndələri və KİV təmsilçiləri iştirak etmişlər.
İlk öncə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov açılış nitqi ilə tədbiri açıq elan etmişdir. Sonra Maliyyə Naziri Samir Şərifov, millət vəkili Ziyad Səmədzadə tədbir iştirakçılarını salamlamış, Forum barədə öz fikirlərini bölüşmüşlər.
Daha sonra Forum öz işinə başlamışdır.
Məlumat üçün qeyd edək ki, budəfəki Forumda Böyük Britaniya, Fransa, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Ukrayna, Bolqarıstan, Gürcüstanın sığorta və təkrarsığorta sahəsində ixtisaslaşmış ən aparıcı ekspertləri, həmçinin bu ölkələrin milli sığorta ittifaqlarının və Dünya Bankının təmsilçiləri, eləcə də ölkəmizin ən aparıcı sığorta, təkrarsığorta və broker şirkətlərinin yüksək struktur nümayəndələri ekspert qismində iştirak edəcək və “Qafqaz Regionunun sığorta bazarının perspektivləri və yeni biznes istiqamətləri”, “Qafqaz ölkələrinin sığorta bazarı üçün təkrarsığorta həlləri”, “Kənd təsərrüfatı sığortası – dövlət tənzimləmələri və bazar reallıqları”, “Tibbi sığorta – Köhnə problemlərin yeni həlləri” və “Avtomobil sığortası” mövzularında müzakirələr aparacaqlar.
2008-ci ildən etibarən keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumu – Qafqaz regionunda sığorta və təkrarsığorta bazarlarına həsr olunmuş ən mühüm tədbir olmaqla, sözügedən regionun ən vacib istiqamət və perspektivlərini özündə əks etdirir.
Forum iştirakçılar arasında interaktiv ünsiyyətə yönəlmiş platforma olub, ölkələr arasında sığorta sahəsindəki əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmişdir.
Sonda qeyd edək ki, IV Azərbaycan Beynəlxalq Forumu Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi, “AzRe Təkrarsığorta”, “Buta Sığorta”, “PASHA Həyat Sığorta” Şirkətlərinin baş sponsorluğu, “AtaSığorta”, “Standard Sığorta”, “İpəkyolu Sığorta”, “Glinso”, “UnityRe”, “Atəşgah Həyat Sığorta”, “Xalq Sığorta” və “Meqa Sığorta” Şirkətlərinin sponsorluğu, həmçinin “Trend.az” “1news.az” informasiya agentliklərinin və “biznesinfo.az” portalının informasiya dəstəyi ilə həyata keçirilir.