Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin minimum nizamnamə kapitalına qarşı irəli sürülən tələblər artırılacaq.
«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə verdiyi açıqlamasında maliyyə naziri Samir Şərifov bildirib.
Onun sözlərinə görə, sığorta şirkətlərinin minimum nizamnamə kapitalının hazırkı 5 mln. manatdan 10 mln. manata qədər qaldırılması nəzərdə tutulur: «Nizamnamə kapitalına qarşı minimal tələb bir daha sərtləşdiriləcək. Biz artıq indiyədək bu tələbi 5 dəfə artırmışıq. Hesab edirəm ki, kapital artımını sığorta şirkətləri uğurla həyata keçirib, bəziləri isə maliyyə imkanları olmadığına görə bazarı tərk edib».
«Sığorta sahəsi xüsusi sahədir və əhali ilə bağlı sahə olduğuna görə, biz bu sahəyə xüsusi nəzarət etməliyik. Şirkətlərin maliyyə gücü kifayət qədər olmalıdır ki, onlar əhaliyə keyfiyyətli xidmətlər göstərə bilsin», - deyə S.Şərifov vurğulayıb.
Nazir bildirib ki, Azərbaycan sığorta bazarının inkişaf etdirilməsi məqsədilə təsərrüfat subyektlərinin naminə nizamnamə kapitalı tədricən artırılacaq: «Hesab edirəm ki, müəyyən müddət ərzində minimal kapitalı 5 mln.-dan 10 mln. manatadək tədricən artıracağıq. Bu, bazardakı əsas oyunçular üçün problem olmayacaq, çünki onların bir çoxu 10 mln. manatdan artıq nizamnamə kapitalına malikdir».
Maliyyə nazirinin müavini Azər Bayramov isə bildirib ki, təkrar sığortaçılar üçün minimum nizamnamə kapitalına qarşı tələb 10 mln. manatdan 20 mln. manat qaldırılacaq.
www.apa.az