Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 198,021 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 16,8% çoxdur.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 40,3% artaraq 58,098 mln. manata çatıb.
Bu müddət ərzində könüllü sığortalar üzrə daxilolmaların həcmi 23,1% artaraq 129,516 mln. manat təşkil edib. O cümlədən həyat sığortası üzrə daxilolmaların həcmi 2,5 dəfə artaraq 18,936 mln. manat, qeyri-həyat sığortası üzrə 13,3% artaraq 110,580 mln. manata çatıb. İcbari sığorta növləri üzrə daxilolmalar 6,7% artaraq 68,505 mln. manat olub.
Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (40,456 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (32,409 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (26,533 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (17,796 mln. manat), “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası” (17,623 mln. manat), “Həyatın yaşam sığortası” (16,567 mln. manat), “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” (7,384 mln. manat) növləri üzrə toplanılıb.
Ödənişlərə gəldikdə, könüllü həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 1,351 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 3,5 dəfə çoxdur. Könüllü qeyri-həyat sığortası üzrə ödənişlər 12,8% artaraq 39,666 mln. manata çatıb. Ümumilikdə könüllü sığortalar üzrə ödənişlər 15,2% artaraq 41,017 mln. manat, icbari sığorta növləri üzrə isə 2,9 dəfə artaraq 17,081 mln. manata çatıb.
Ödənişlərdə ən çox vəsait «Tibbi sığorta» (21,888 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (12,428 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (11,589 mln. manat) növləri üzrə ödənilib.
Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.
www.apa.az