Baki, Finance Time. “AtaSığorta” ASC Avqust 2013-cü ildən etibarən Azərbaycan Risk Peşəkarları Assosiasiyasına (ARPA) üzv seçilmişdir. Risk idarəetməsi üzrə Azərbaycanda aparıcı təşkilat olan ARPA eyni zamanda risk idarəetməsi və qiymətləndirilməsi; idarəetmə və nəzarət analizləri; biznes strategiyaları və digər sahələr üzrə təhsil, bilik və məsləhətçi xidmətləri üzrə aparıcı təchizatçılardan biridir.
Şirkətdən verilən məlumata görə, ARPA ilə əməkdaşlıq AtaSığorta üçün risklərin daha yaxşı qiymətləndirilməsi, idarəetmənin daha effektiv hala gətirilməsi və digər məsələlərdə yardımçı olacaq. Fəaliyyət göstərdiyi dövrdə daima müştərilərə yüksək keyfiyyətli xidmət göstərməyi qarşısına məqsəd qoyan AtaSığorta bu cür əməkdaşlıqların sayını durmadan artırır və inkişaf etdirir.
Qeyd edək ki, "AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.