Azərbaycanın İcbari Sığorta Bürosu tərəfindən bu ilin avqust ayının 10-dan etibarən “İcbari sığortalar haqqında” qanunun informasiya sisteminin sığortalının bağladığı icbari sığorta müqaviləsinin mövcudluğu barədə mobil rabitə vasitəsilə təsdiqləyici bilgi almaq və həmin müqavilədə əks olunan məlumatları əldə etmək imkanını təmin etməsi ilə bağlı 34-3.4-cü maddəsinin icrası təmin edilib.
Bürodan “APA-Economics”ə verilən məlumata görə, göstərilən tarixdən etibarən “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”, “Sərnişinlərin icbari fərdi qəza sığortası” üzrə sığorta müqaviləsini bağlayarkən sığortalının müqavilədə göstərdiyi mobil telefon nömrəsinə İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə müqavilənin təsdiqi ilə bağlı məlumatları (sığorta şirkətinin adı, müqavilənin müddəti, müqavilənin nömrəsi, həmçinin sığorta haqqı) əks etdirən SMS bildirişi göndəriləcək.
Həmçinin, sığortalı İcbari Sığorta Bürosunun informasiya sistemində olan məlumatlar əsasında sığorta müqaviləsinin ləğvi, xitamı və müqavilənin başa çatma tarixinə 15 gün qalmış onun etibarlılıq müddətinin bitməsi haqqında SMS bildirişi alacaq. Hər üç mobil operatorun abonentləri bu xidmətdən yararlana biləcəklər.
www.apa.az