Baki, Finance Time. Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli ödənişini həyata keçirib.
Şirkətin Marketinq, planlaşdırma və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “PAŞA Həyat” tərəfindən sığortalı müəssisənin işçisi istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib və bu sığorta hadisəsinə görə, şirkət tərəfindən sığorta olunmuş şəxsin ailəsinə 32,033 min manata yaxın birdəfəlik ödəniş edilib.
Qeyd edək ki, 2013-ci ilin əvvəlindən başlayaraq “PAŞA Həyat”da istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ödəniş halları artıb. Belə ki, təkcə bu ilin yanvar-avqust aylarında (sonuncu ödəniş də daxil olmaqla) sözügedən sığorta növü üzrə 458,412 min manata yaxın sığorta ödənişi həyata keçirilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,6 dəfə çoxdur.
“PAŞA Həyat Sığorta” ASC 2010-cu il noyabr ayının 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Bu ilin yanvar- iyul aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 17,986mln. manat, ödənişləri isə 495 min manata yaxın olub. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 25,200 mln. manat təşkil edib.