Baki, Finance Time. Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli iki ödənişini həyata keçirib.
Şirkətin Marketinq, planlaşdırma və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,“PAŞA Həyat” tərəfindən iki sığortalı müəssisənin işçiləri ilə əlaqədar istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ümumilikdə 46 min manata yaxın müvafiq sığorta ödənişi edilib.
Belə ki, şirkət tərəfindən istehsalat zamanı vəfat edən bir şəxsin ailəsinə 13,031 min manat, istehsalat zamanı ciddi xəsarət alaraq əmək qabiliyyətini 100 faiz itirəndigər işçiyə isə 32,944 min manat həcmində birdəfəlik ödənişlər verilib.
Qeyd edək ki, 2013-ci ilin əvvəlindən başlayaraq “PAŞA Həyat”da istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ödəniş halları artıb. Belə ki, təkcə bu ilin yanvar-sentyabr aylarında (sonuncu ödəniş də daxil olmaqla) sözügedən sığorta növü üzrə 511 min manatdan çox sığorta ödənişi həyata keçirilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,3 dəfə çoxdur.
“PAŞA Həyat Sığorta” ASC 2011-ci il fevral ayının 14-dən fəaliyyət göstərir. Bu ilin yanvar-avqust aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 19,312mln. manat, ödənişləri isə 501 min manata yaxın olub. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 25,200 mln. manat təşkil edib.