Baki, Finance Time. 2013-cü ilin III rübündə fiziki şəxslərin cəmi əmanətləri 213 mln. (3,8%) manat artaraq 5 831 mln. manata çatmışdır
III rübdə fiziki şəxslərin cəmi əmanətlərinin (5,8 mlrd. manat) 34%-ni (1,97 mlrd. manat) qorunmayan əmanətlər, 66%-ni (3,87 mlrd. manat) isə qorunan əmanətlər təşkil etmişdir.
Kompensasiya olunan əmanətlər ötən rüblə müqayisədə 91 mln.manat (5,0%) artaraq 1 904 mln. manat olmuşdur ki, bu da qorunan əmanətlərin 47,5%-ni təşkil edir.
Qorunan əmanətlərin 59%-i manatın, 37%-i ABŞ dollarının, 4%-i Avronun payına düşür.
Üzv banklar tərəfindən 5 306 497 əmanətçiyə xidmət göstərilir ki, onların da 4,899,375 nəfəri (93%) qorunan əmanətçidir.
Hazırda Fondun sığorta ehtiyatları 64,7 mln. manat, cəmi aktivləri isə 66,9 mln. manat təşkil edir.
Fondun sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 58 mln. manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilmiş və orta hesabla illik gəlirlilik 4,4 % təşkil etmişdir. Fondun 5,0 mln. Avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur.
Xatırlatmaq istəyirik ki, 01 avqust 2013- cü il tarixindən etibarən üzv banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10 faiz olmuşdur. 01 avqust 2013-cü il tarixindən etibarən üzv banklarda illik 10 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Fond tərəfindən qorunmayan əmanətlərə görə kompensasiya ödənilmir.
Hər bir sığorta hadisəsinə görə hər qorunan əmanətçiyə ödənilməli kompensasiya məbləğinin maksimum həddi 30 min manat məbləğindədir.