Baki, Finance Time. Azərbaycanın “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən bu ilin noyabr ayının 21-22-də müxtəlif KİV-lərdə çalışan jurnalistlər üçün (iqtisadiyyat və maliyyə sahəsində yazan) “Sığorta və sığorta mədəniyyəti” mövzusunda ödənişsiz treninq keçiriləcək.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətinin verdiyi məlumata görə, “PAŞA Həyat” tərəfindən jurnalistlər arasında belə bir təlimin təşkil edilməsində əsas məqsəd iqtisadiyyat, o cümlədən maliyyə sahəsində məqalələr yazan jurnalistlərin sığorta sahəsinə olan maraqlarını, həmçinin bu sahədə bilik və bacarıqlarını daha da artırmaqdır.
Təlimdə iştirak etmək istəyən jurnalistlər bu ilin noyabr ayının 18-dək ehuseynguluyev@pasha-life.az elektron ünvanına email göndərməklə öz iştiraklarını təsdiq edə bilərlər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.
Qeyd edək ki, “PAŞA Həyat” yalnız Azərbaycanın maliyyə sektorunda deyil, eyni zamanda sosial yönümlü layihələrin həyata keçirilməsində də daim aktiv iştirak edir. Şirkət sığortaçılığı cəmiyyətə sığorta fəaliyyətindən başqa, həmçinin sosial layihələrə dəstək verməklə tanıtdırmaq niyyətindədir. Tələbələr, eyni zamanda jurnalistlər üçün nəzərdə tutulan bu maarifləndirmə layihəsi də məhz şirkətin sosial layihələrindən biri hesab olunur.
Xatırladaq ki, “PAŞA Həyat” 2013-cü ilin iyul ayından başlayaraq ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının tələbələri üçün sığorta sahəsinə aid müxtəlif mövzularda ödənişsiz treninqlər keçirir.
Xatırladaq ki, “PAŞA Həyat Sığorta” ASC 2011-ci il fevral ayının 14-dən fəaliyyət göstərir. Bu ilin yanvar-sentyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 24,298 mln. manat, ödənişləri isə 639 min manata yaxın olub. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 25,200 mln. manat təşkil edib.