«Başak İnam» sığorta şirkəti yaxın vaxtlarda öz müştərilərinə bir sıra yeniliklər təklif etməyi planlaşdırır. Bu barədə «APA-Economics»ə şirkətin İctimaiyyətlə əlaqələr və reklam Departamenti üzrə məsul şəxs Vüsalə İbrahimova məlumat verib.
V.İbrahimovanın sözlərinə görə, şirkət öz müştərilərinə 26 növ sığorta xidmətləri təklif edir: «Azərbaycan sığorta bazarında heç bir şirkətdə olmayan «Viza» sığorta növü məhz bizim şirkətin məhsuludur».
V.İbrahimova bildirib ki, bununla yanaşı könüllü sığorta növləri üzrə yeniliklərin tətbiqi və kampaniyaların təşkili nəzərdə tutulub. Belə ki, gələn ayın əvvəlində «Başak İnam» sığorta şirkəti avtomobillərin könüllü sığortası (KASKO) ilə bağlı mövcud tarifini qış ayları üçün 50% endirimlə təqdim edəcək. «Qeyd edim ki, yaxın günlərdə həmçinin internet vasitəsi ilə onlayn satış yenidən həyata keçiriləcək», - deyə şirkət rəsmisi əlavə edib.
Qeyd edək ki, «Başak-İnam Sığorta Şirkəti» ASC 9 avqust 1996-cı ildə Türkiyə tərəfindən «Başak Sığorta AŞ» və Azərbaycan tərəfindən «Turanbank» ASC, «Aqrarkredit» BOKT və fiziki şəxslərin təsis etdiyi «İnam» təkrarsığorta şirkətinin ortaqlığı ilə «Başak-İnam Sığorta Şirkəti» Azərbaycan-Türkiyə sığorta və təkrarsığorta QSC kimi təsis edilib. Sonradan bu ortaqlığa «Azər-Türk Bank» ASC də qoşulub. Sonra, 2006-cı ildən isə 111 il öncə Fransada yaradılmış, hazırda dünyanın 15 ölkəsində fəaliyyət göstərən «GROUPAMA SA» şirkəti («Standard&Poor’s» agentliyinin «A+» reytinqinə malikdir) «Başak Sığorta AŞ»-ni almaqla şirkətin səhmdarları sırasına qatılıb. Azərbaycanda 2008-ci ildə qəbul edilmiş «Sığorta fəaliyyəti haqqında» qanuna əsasən, 2009-cu il 23 yanvar tarixindən şirkət öz təşkilati-hüquqi formasını QSC-dən ASC-yə dəyişib.
www.apa.az