Baki, Finance Time. Mədəniyyət və Turizm Nazirliyinin və "PAŞA Həyat Sığorta" şirkətinin təşkilatçılığı, Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS) dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində “18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş təntənəli bayram mərasimi keçirilib.
Tədbirdə çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən bu tədbiri əlamətdar hadisə kimi qiymətləndirib. Ölkədə tarixi abidələrin mühafizəsi və bərpası istiqamətində görülən işlərdən danışan Ə.Qarayev Prezident İlham Əliyevin milli mədəni irsin qorunmasını təmin etmək, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədi ilə ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi vurğulayıb.
Nazir bildirib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə fond tərəfindən nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da abidələrin bərpası və mühafizəsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bu mühüm işlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır.
Tədbirdə həmçinin Mədəniyyət və Turizm Nazirliyinin və "PAŞA Həyat Sığorta" ASC-nin dəstəyi ilə "İrs" Nəşriyyat Evinin layihəsi olan "Qobustan - minilliyin kitabı" və "Qədim qalanın yuxuları" kitablarının təqdimatı keçirilib.
Azərbaycan və ingilis dilində nəşr olunmuş kitabların layihə rəhbərləri Musa Mərcanlı və Yan Pirt nəşrlərin Azərbaycan mədəniyyətini təbliğ etmək baxımından böyük əhəmiyyət daşıdığını qeyd ediblər və bildiriblər ki, bu cür layihələr gələcəkdə də davam etdiriləcək.
Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə “Azərbaycanın mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərə görə” nominasiyası, “PAŞA Həyat Sığorta” ASC-yə “Azərbaycanın mədəni irsinin təbliğində xidmətlərə görə” nominasiyası və “İrs” Beynəlxalq Azərbaycan jurnalının redaksiyasına “Azərbaycanın mədəni irsinin tədqiqindəki xidmətlərə görə” nominasiyası üzrə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Milli irs” mükafatı təqdim edilib.