Baki, Finance Time. “PAŞA Həyat Sığorta” ASC kredit götürən şəxslərin həyat sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, “PAŞA Həyat”ın tərəfdaşlıq etdiyi bankların birindən kredit götürən şəxsin – sığortalının ölümü nəticəsində müqavilədə qeyd olunan şərtlərə uyğun olaraq 10 min manat həcmində birdəfəlik sığorta ödənişi faydalanan şəxsin müvafiq bank hesabına köçürülüb.
Qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində “PAŞA Həyat” tərəfindən könüllü həyat sığortası növləri üzrə 211 min manata yaxın sığorta ödənişi verilib.
“PAŞA Holding” Şirkətlər Qrupunun üzvü olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.