Baki, Finance Time. “PAŞA Həyat Sığorta” ASC təkrarsığorta xidmətlərini həyata keçirmək üçün müvafiq lisenziya alıb.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 06 may 2014-cü il tarixli əmri ilə “PAŞA Həyat Sığorta” ASC-yə təkrarsığorta fəaliyyətinə müddətsiz lisenziya verilib.
Qeyd edək ki, “PAŞA Həyat Sığorta” ASC fəaliyyət göstərdiyi 3 il müddətində bir sıra nailiyyətlər əldə edib. Bu nailiyyətlərdən biri də beynəlxalq təkrarsığorta şirkətləri ilə yüksək səviyyədə əməkdaşlığın qurulmasıdır.
Şirkət fəaliyyətə başladığı dövrdən dünyanın bir sıra tanınmış yüksək reytinqli təkrarsığorta şirkətləri ilə, o cümlədən “GenRe” (Almaniya), SCOR (Fransa), “Hannover Life Re” (Almaniya) şirkətləri ilə sıx əməkdaşlıq edir.
Bütün bunlarla yanaşı,“PAŞA Həyat”ın Avropanın ən tanınmış təkrarsığorta brokerləri ilə də (MARSH, IUC, “Turker Broker”) əməkdaşlığı mövcuddur.
Xatırladaq ki, PAŞA Holding” Şirkətlər Qrupun üzvü olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci il fevral ayının 14-dən fəaliyyət göstərir. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitallının həcmi 40,250 mln. manat təşkil edir.
Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, hətta sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.