Baki, Finance Time. AXA MBASK Sığorta şirkəti, sığorta üzrə dünya lideri AXA Qrupunun bir hissəsi olaraq daima öz fəaliyyətini cəmiyyət qarşısında ictimai məsuliyyətinin bir hissəsi kimi vurğulayır.
Bu dəfə AXA MBASK korporativ sosial məsuliyyət çərçivəsində, Xətai Rayonunun İcra Hakimiyyətinin dəstəyi ilə “Yaşıl gələcək” adlı yeni ekoloji aksiya keçirmişdir.
Bu aksiyanın gedişatı zamanı şirkətin əməkdaşları “AXA MBASK Akademiya” çərçivəsində keçirilən “Sığorta işinin təşkili” kurslarının məzunları ilə birlikdə Köhnə Günəşli yaşayış massivində ( İnqlab İsmayilov küçəsi) 100-ə yaxın zeytun ağacı əkmişlər.
İşlər təcrübəli aqro-texnikin rəhbərliyi altında həyata keçirilmişdir. Bağın əməkdaşları peşəkar təlimat aparmışlar. Təlimat zamanı aksiya iştirakçıları zeytun ağaclarının düzgün əkilmə qaydaları ilə əyani surətdə tanış olmuş, zəruri inventar və suvarma üçün su ilə təmin edilmişlər.
Qeyd etmək lazımdır ki, aksiyanın əsas məqsədi gənclərin ekoloji mədəniyyət və təhsil sahəsində inkişafına nail olmaq, eləcə də əhalidə ətraf mühitin vəziyyətinə dair şəxsi məsuliyyət hissini formalaşdırmaqdır.
Xatırladaq ki, AXA MBASK SŞ 2010-cu ildən başlayaraq AXA Qrupun beynəlxalq standartlarının Azərbaycanın sığorta bazarında tətbiq edilməsinə başlamışdır. Sığorta agentliklərin şəbəkəsi vasitəsilə satışın inkişafı planını həyata keçirərək qısa bir müddətdə Azərbaycanın bütün regionlarında sığorta polislərinin satışı ilə məşğul olan, fiziki və hüquqi şəxslər, eləcə də maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə fəaliyyət göstərən 80-ə yaxın sığorta məntəqəsi açılmışdır.
Avropa standartlarına uyğun xidmət keyfiyyəti, həmçinin ödənişlərin zamanında və bütöv şəkildə həyata keçirilməsi qısa bir müddətdə şirkətin “İlin sığorta şirkəti” kimi beş beynəlxalq və milli mükafatlara layiq görülməsinə rəvac vermişdir.