Baki, Finance Time. Azərbaycanın “PAŞA Həyat Sığorta” ASC-nin əməkdaşı Almaniyanın Köln şəhərində keçirilən beynəlxalq təlimdə iştirak edib.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, “Həyat sığortasında Risklərin İdarə olunması” mövzusunda təşkil olunmuş təlimdə (təşkilatçı Almaniyanın GenRe təkrarasığorta şirkəti olub) “PAŞA Həyatı” şirkətin risk üzrə meneceri təmsil edib.
Təlim zamanı risklərin idarə olunması prosesinin təşkili, risklərin müəyyən olunması, onların qiymətləndirilməsi, həmçinin risklərin limitləşdirilməsi, risklərin idarə olunması üzrə hesabatlığın yaradılması və Avropa birliyi dövlətlərində fəaliyyət göstərən sığorta şirkətləri üçün tənzimləyici sənəd olan “Solvency-II” və digər mövzular müzakirə olunub.
Təlimdə Azərbaycanla yanaşı Avstriya, İtaliya, Sloveniya, Xorvatiya, Malayziya, Kipr, Livan və Argentinadan olan sığorta şirkətlərinin təmsilçiləri də iştirak edib.
Qeyd edək ki, risklərin idarə olunması mövzusu hazırda bütün təşkilatlarda, o cümlədən, maliyyə qurumlarında aktual olaraq qalır. Bu sahədə müvafiq beynəlxalq maliyyə strukturlarının və tənzimləyici orqanların tələbi hər il sərtləşir və təkmilləşir. Bu baxımdan da hazırda Avropa Birliyi dövlətlərində fəaliyyət göstərən sığorta şirkətlərinə xüsusi yaradılmış “Solvency-II” qaydalarının tətbiqi tələbi qoyulub. Bu qaydalar bütün Avropa Birliyinə üzv olan dövlətlərdə bu gün də tətbiq edilir.