Baki, Finance Time. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta haqlarının 156 milyon manatı və ya 73,6%-i qeyri-həyat sığortasının payına düşüb. Fins.az-ın məlumatına görə bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov bu gün keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığorta bazarı 5,5 milyon manat və ya təxminən 3,4% azalıb.
Qeyri-həyat sığortası üzrə yığımların 27,3%-i və yaxud 42,6 milyon manatı tibbi sığortanın, 19,3%-i və ya 30,1 milyon avtomobillərin icbari sığortasının, 11,1%-i və ya 17,3 milyon manatı kasko sığortanın, 10,8%-i və ya 16,9 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 5,4%-i və ya 8,5 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.
2014-cü ilin ilk 6 ayında sığorta bazarındakı ödənişlərin 94,7%-i və ya 61,9 milyon manatı qeyri-həyat sığortasının payına düşüb. Bu, 2013-cü ilin eyni dövrünə nisbətən 5,8 milyon manat və ya təxminən 10,3% çoxdur.
Qeyri-həyat sığortası üzrə ödənişlərin 37,2%-i və ya 23 milyon manatı tibbi sığortanın, 21,4%-i və ya 13,2 milyon manatı kasko sığortanın, eyni nisbətdə, yəni 21,4%-i və ya 13,2 milyon manatı avtomobillərin icbari sığortasının, 9,4%-i və yaxud 5,8 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 1,6%-i və ya 1 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.
Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 39,7 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-iyun aylarında 34,8 manat olub.