Baki, Finance Time. Bu ilin yanvar-iyun aylarında sığorta haqlarının 67%-i və ya 141,7 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Fins.az-ın məlumatına görə bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov bu gün keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% və ya 12,2 milyon manat çoxdur.
İcbarı sığorta növləri üzrə yığımlar isə 70,3 milyon manat və ya bazarın 33%-ni təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 2,64% və ya 1,81 milyon manat artıb.
2014-cü ilin ilk 6 ayında ümumi ödənişlərin 70%-i və ya 46 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortalar üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 12,2% və ya 5 milyon manat artıb. İcbarı sığorta növləri üzrə ödənişlər isə 13,7% və ya 2,3 milyon manat artaraq 19,4 milyon manata çatıb.
Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 32,5 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-iyun aylarında bu göstərici 31,7 manat olub. İcbarı sığorta üzrə toplanan hər 100 manat üzrə ödəniş isə ötən ilki 24,9 manatdan 27,6 manata qalxıb.