Baki, Finance Time. “AtaSığorta” ASC-nin dəstəyi ilə 22 iyul Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında stolüstü tennis yarışı keçirilmişdir. “Excelsior Hotel Baku” otelinin “Aura” sağlamlıq mərkəzində keçirilən yarışda aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak etmişdirlər. Yüksək azart ilə keçən yarışda hakimliyi peşəkar tennis hakimi Tahir Namazov üzərinə götürmüşdür.
“AtaSığorta” ASC-nin İdarə Heyətinin Sədri Müseyib Əliyev KIV nümayəndələrini 22 iyul-Milli Mətbuat Günü münasibəti ilə təbrik etdi və sığorta bazarını fəal şəkildə işıqlandırmalarına görə onlara təşəkkürünü bildirdi: “Maliyyə sektoru və KIV sıx əməkdaşlıq çərçivəsində işləməlidir və belə tədbirlər əlaqələrin gücləndirilməsinə gətirib çıxarır. İqtisadiyyatın sürətlə inkişaf etdiyi dövrdə, sığorta şirkətləri müştərilərin ehtiyaclarını qarşılamaq üçün öz məhsul və xidmətlərini daim yeniləyir və zamanla uzlaşmağa can atır. Sığorta biznesində baş verən yeniliklər barədə geniş ictimaiyyətin məlumatlandırılmasında KİV böyük rol oynayır”.
Sonda“AtaHolding” ASC-nin Kommunikasiyalar Şöbəsinin Rəisi Dilarə Zamanova öz müraciətində mətbuatın ictimaiyyətdə əvəzsiz rolunu, KİV və biznes qurumları arasında əməkdaşlığın hər iki tərəf üçün faydasını vurğuladı və yarışın qaliblərinə “AtaSığorta” ASC-dən hədiyyələr təqdim etdi.
Qeyd etmək lazımdır ki, AtaHolding şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC sığorta biznesində 2004-cü ildən fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növləri üzrə fəaliyyət göstərir. İcbari sığorta üzrə Büronun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 5 filial və 5 nümayəndəlik daxildir.