Bakı, Finance Time. AXA MBASK sığorta şirkəti bu il may ayında Zaqatala rayonunda baş vermiş silsilə zəlzələlər nəticəsində evi yararsız hala düşən Aşağı Tala kəndinin sakini Mətanət Səmədovaya 42.000 manat ödəyib.
Evin dayaq hissələrinin, həmçinin otaqların daxili tərtibatının xeyli zədələndiyinə şahid olan şirkət mütəxəssisləri köhnə tikilini söküb əvəzinə yenisini tikməyin məqsədəuyğun olduğu qənaətinə gəliblər.
Sözügedən müştərinin qısa vaxt ərzində böyük məbləğdə sığorta ödənişini alması AXA MBASK Sığorta Şirkəti tərəfindən zərərlərin tənzimlənməsi sahəsində müştərilərə keyfiyyətli və operativ xidmət göstərilməsi strategiyasının uğurla tətbiq edildiyini sübut edir.
Mətanət Səmədova ailəsi üçün psixoloji cəhətdən ağır bir məqamda peşəkar münasibətə, göstərdikləri anlayışa və dərdinə şərik çıxmalarına görə şirkətin əməkdaşlarına təşəkkürünü bildirib:
- Onlar müştərinin başına gələnləri başa düşür və düzgün qiymətləndirirlər, insanları sakitləşdirir, özünə gəlməyə kömək edirlər. Onlar yol göstərir, yardım edir, təsəlli verirlər. Yaxşı ki, ətrafımızda çətin məqamda dadımıza çatan belə insanlar və şirkətlər var.
Bu hadisə barədə fikir bildirən AXA MBASK Sığorta Şirkəti Idarə Heyətinin Sədr Müavini Rəşad Abbasov bildirib ki, “maddi zərərin təzminatını ödəmək müştərilərimiz qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirməkdir, zəlzələ və ya başqa bir təbii fəlakətdən zərər çəkən müştərilərimizə, həmvətənlərimizə yardım göstərmək isə bizim vətəndaşlıq borcumuzdur”.
“Artıq 20 ildən çoxdur Azərbaycanın sığorta bazarındayıq, şirkətimiz hər il müştərilərə milyonlarla manat ödəyir. Biz hammımız istəyərdik ki, ölkəmizdə artıq təbii fəlakətlər baş verməsin, vətəndaşlarımız belə hadisələrin nəticəsilə üzləşməsinlər. Təbiət qarşısında aciz olsaq da, belə fəlakətlər nəticəsində meydana çıxacaq mümkün maddi itkilərdən vətəndaşlarımızı keyfiyyətli sığorta müdafiəsilə təmin etməyə hazırıq. Biz bütün həmvətənlərimizi Mətanət Səmədovadan nümunə götürüb əmlaklarını bu cür hadisələrdən sığortalamaqla qəfil maddi zərərlərdən etibarlı müdafiə əldə etməyə çağırırıq”- R.Abbasov deyə bildirdi.
Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə bu ilin may ayının əvvəllərində Zaqatala şəhəri yaxınlığında dörd yeraltı təkan baş vermiş, nəticədə onlarla ev ciddi zədələnmişdi. İlk yeraltı təkan şəhərin 17 kilometr cənub-qərbində baş verib. Zaqatala və Qax rayonları ərazisində zəlzələnin gücü 7 ball, Şəki, Oğuz, Qazax, Tovuz və başqa rayonlarda isə 2-5 ball olub. Zəlzələnin mərkəzi 11 kilometr dərinlikdə yerləşir. Sonrakı təkanların isə gücü Rixter cədvəlilə 4,5, 4,2, 4,0 ball olub.