Baki, Finance Time. Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat Sığorta” həyata keçirdiyi sosial layihələri çərçivəsində Dövlət İqtisad Universitetində növbəti görüşünü təşkil edib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, “Təcrübəni bölüş”adlı görüşdə “PAŞA Həyat”ın maliyyə departamentinin direktoru Əfqan Əfqanlı və universitetin bir qrup tələbə heyəti iştirak edib.
“PAŞA Həyat”ın təşəbbüsü ilə Dövlət İqtisad Universitenin Karyera Mərkəzinin təşkil etdiyi görüşdə Ə.Əfqanlı uğurlu iş adamı olaraq tələbələrlə öz karyera təcrübəsini bölüşərək onlara gələcək iş həyatında faydalı məsləhətlər verib.
Görüşdə Ə.Əfqanlı şirkətdə tələbələr üçün təşkil ediləcək karyera imkanları və təcrübə proqramları haqqında da geniş məlumat verib. Görüşün sonunda tələbələrin sualları əsasında diskussiyalar aparılıb, real iş həyatı və əmək bazarında olan tələblər müzakirə edilib.
“PAŞA Həyat”ın “Təcrübəni bölüş” adlı layihəsi ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarını əhatə edəcək. Layihənin məqsədi şirkətdə çalışan uğurlu iş adamlarının tələbələrlə öz karyera təcrübəsini bölüşərək onlara gələcək iş həyatında faydalı məsləhətlər verərək onların kariyera imkanlarını daha düzgün istiqamətə yönləndirməkdən ibarətdir.
Qeyd edək ki, “PAŞA Həyat” 2013-cü ilin iyul ayından başlayaraq ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının tələbələri üçün sığorta sahəsinə aid müxtəlif mövzularda ustad dərsləri də (Master Klasslar) təşkil edir.
Tələbələr arasında belə bir təlimin təşkil edilməsində əsas məqsəd iqtisadi sahədə təhsil alan tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bilik və bacarıq qabiliyyətlərini daha da artırmaq, eyni zamanda cəmiyyəti sığorta sahəsi haqqında maarifləndirməklə yanaşı, sığorta bazarının inkişafına dəstək olmaqdır.
İndiyədək təşkil olunan təlimlərdə müxtəlif ali təhsil ocaqlarından 1800-dək tələbə iştirak edib. Təlimdə iştirakçı sayının çox olması şirkətin sosial məsuliyyət çərçivəsində gənclərin sığorta sahəsində maariflənməyə verdiyi mühüm dəyərin bariz nümunəsi kimi qiymətləndirmək olar.