Baki, FinanceTime. Bakıda Azərbaycan sığorta bazarının ən aktiv şirkətləri olan “Qala Sığorta” və “Qala Həyat” şirkətlərinin təşkilati dəstəyi ilə“Baku Travel Bazaar wellness & Leusure” adlı beynəlxalq tədbir keçirilib.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, tədbirdə dünyanın 33 ölkəsindən, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İspaniya, Maldiv adaları, Montenqro, Malayziya, Türkiyə və Gürcüstan olmaqla ümümilikdə 60-a yaxın xarici təşkilatın nümayəndəsi iştirak edib.
Tədbirdə yerli və xarici turizm şirkətlərinin təcrübələri,resursları və innovativ ideyaları barədə interaktiv informasiya mübadiləsi aparılmaqla ölkəmizin turizm sənayesində müəyyənləşdirilən geniş imkanları müzakirə olunub.
Ukraynanın “Chance Travel Consulting” və yerli “R&S Group”un təşkilatçılığı ilə keçirilən tədbirə ölkədə fəaliyyət göstərən sığorta şirkətlərindən yalnız “Qala Həyat” və “Qala Sığorta” şirkəti qatılıb. Hər iki şirkət bu tədbirdə təşkilati dəstəyini göstərməklə yanaşı, könüllü sığorta məhsullarını da (səfər sığortası və digər) nümayiş etdirib. Məqsəd ölkənin sığorta bazarının inkişafı ilə yanaşı, turizm sektorunun inkişafına da dəstək verməkdir.
Qeyd edək ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir. Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.
“Qala Həyat” 2011-ci ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,870 mln. manat təşkil edib.
Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortasının bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”sı üzrə xidmətlər göstərir.