Baki, FinanceTime. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə sığorta şirkətlərinin PR menecerləri ilə görüş keçirilib. Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, sədr müavini və Birliyin nümayəndələri ilə yanaşı, sığorta şirkətlərinin Marketinq və İctimaiyyətli Əlaqələr şöbəsinin rəhbər şəxsləri və nümayəndələri və bir sıra tanınmış jurnalistlər iştirak edib.
Görüşün əsas məqsədi sığorta sektorunun düzgün təbliği üçün PR Strategiyasının hazırlanması üzrə müzakirələrin aparılmasından ibarət olub. ASA-nın sədri qeyd edib ki, sığorta sektorunun işinin effektivliyi yalnız sığorta sahəsinin əməkdaşlarından asılı deyil və buna görə də qeyri-sığorta sahəsində baş verən axsamalar sığorta sahəsinə olan inam və etibarı zədələyir. Hal-hazırda sığorta bazarına qarşı cəmiyyətdə etimadsızlığın səbəblərindən birinin sığorta bazarının istehlakçılara düzgün təqdim edilməməsindən ibarət olduğunu qeyd edib.
Görüş zamanı sığorta bazarının düzgün təbliğinin həyata keçirilməsi üçün bütün sığorta sektorunu əhatə edəcək vahid bir PR Strategiyanın hazırlanmasının zəruriliyi barədə müzakirələr aparılıb. Görüş iştirakçıları məsələ ilə bağlı fikir mübadiləsi aparıb və görüşün yekunu olaraq şirkətlərin bununla təkliflərinin toplanması,ASA-nın nəzdində sığorta təbliğat qrupunun yaradılması və qrup çərçivəsində təbliğat strategiyasının hazırlanması qərara alınıb.